Netflix Türkiye tərəfindən hazırlanmış ‘Kağıttan Hayatlar’ filmi 12 mart tarixində tamaşaçılara təqdim olundu. Rejissoru Can Ulkay, ssenaristi Ercan Mehmet Erdem olan ‘Kağıttan Hayatlar’ filminin baş rolunda məşhur aktyor Çağatay Ulusoy çıxış edir. Ersin Arıcı, Emir Ali Doğru, Turgay Tanülkü və Selen Öztürk də filmdə aparıcı rolları ifa edirlər.
Son 1 ay ərzində Netflix platformasında haqqında ən çox danışılan filmlərdən olduğuna görə bu gun məhz həmin filmi təhlil etmək istədik.
Film uşaq vaxtı tərk edilmiş bir gəncin – Mehmetin hekayəsi üzərində qurulub. Ölümcül xəstəliyi olan gənc əməliyyat olunmalıdır və bu əməliyyatı elətdirəcək pulu toplamaq üçün durmadan çalışır. Amma bir gün gözlənilməz bir hadisə baş verir və onun həyatına Ali adında bir uşaq daxil olur. Uşaq anası tərəfindən tərk edilib, bütün bədəni yaralar içindədir.Mehmet onu polisə aparmağı təklif etsə də uşaq etiraz edir.
Mehmet həmin uşaqda özünü görür və onu sevindirmək üçün əlindən gələni edir. Aliyə ad günü keçirdir,onunla sevinir,onunla gülür,əylənir və bu tərk edilmiş uşağı sevindirdikcə rahatlıq tapır. Lakin o uşağın anasının narahat olacağını düşünüb ona Alinin sağ-salamat olduğunu, onun yanında qaldığını xəbər vermək istəyir. Uşağı evinə aparan Mehmetin başına gələnlər tamaşaçıya çox duyğusal anlar yaşadır.
Filmdə önə çəkilən mövzulardan biri də həqiqi dostluqdur. Mehmetin işçisi və dostu rolunda indiyə qədər bir çox filmlərdə oynamış Urfalı aktyor Ersin Arıcı çıxış edir və Gonzi (Gonzales) xarakterini canlandırır. Gonzi Mehmetin her daim yanındadır,ona əməliyyat pulunu yığmağa kömək edir. Mehmetin ən çətin anlarında ilk zəng vurduğu şəxs də məhz Gonzidir. Gonzinin Mehmete olan baxışlarına izləyici film boyu bir sıra səhnələrdə məna verə bilməsə də, filmin sonunda onun niyə bu qədər narahat olduğunu tamaşaçı daha yaxşı anlayır. Arıcı’nın performansı izləyənlər tərəfindən çox bəyənilir və fikrimizcə həqiqətən də aktyor xarakterin duyğusal anlarını və komik tərəflərini çox ustalıqla icra edir.
Filmdə ana obrazına,ananın uşağın həyatındakı əvəzolunmaz roluna dair çox incə toxunuşlar var və buna dair ən təsiredici repliklərdən birini nəzərdən keçirmək istərdik:
Uşağın ad gününün qeyd edildiyi səhnədə tərk edilmiş uşaqlardan birindən soruşurlar ki,tortun şamları üflənərkən nə arzu etdin ,o isə belə deyir: “Ölməyi arzuladım. Çünki anam mən uşaq ikən vəfat edib. Mən əgər böyüyəndə ölsəm, onun yanına gedəndə məni tanımaz”.
Filmin ən pik nöqtəsi isə novella tipli finalıdır və deyə bilərik ki bir film ancaq bu qədər dərin mənalı və gözlənilməz bir finalla sonlandırıla bilər. Filmin bitiş səhnələrinə dair müəyyən fikirlər yürütmək mümkün olsa da, final həqiqətən də hər kəsi təəccübləndirə biləcək qədər gözəl sonlandırılıb.
“Kağıttan hayatlar” filmi fikrimizcə Türk film tarixində özünə xüsusi yer edə biləcək ən özəl filmlərdən birinə çevriləcək. Netflix platformasında türk filmlərinin ssenarilərinin,rejissor işinin və aktyor performansının keyfiyyətinin bu qədər yüksəlməsi həqiqətən də çox sevindirici haldır. Əlbəttə filmdə bir sıra kiçik çatışmazlıqlar olsa da indiyə kimi çəkilən bir sıra Netflix Türkiyə istehsalı olan filmlərdən çox fərqlənir.
Əgər yazımız Sizin üçün maraqlı oldusa və filmə baxmağa həvəsləndinizsə vaxt itirmədən baxmağınızı tövsiyə edirik. Ümid edirik bəyənərsiniz. Xoş seyirlər…