Rejissor Denni Boylun ekran əsəri olan “Yesterday” filmi 2019-cu ilin iyun ayında izləyicilərə təqdim olunub.
İngilis musiqiçi Cek Malik toylarda və uşaqlar üçün təşkil edilən şənliklərdə öz mahnılarını ifa edir. Lakin o, musiqilərinə qarşı olan etinasızlıq, pulsuzluq problemlərinə görə sənətini dəyişmək istəyir. Uşaqlıq dostu və eyni zamanda meneceri olan Elli Epplton onu bu fikrindən daşındırmağa çalışır. Onların bu barədə olan söhbətindən sonra bütün dünyada işıqlar bir anlıq sönür və evə velosipedlə gedən Cek qəzaya uğrayır.
Xəstəxanaya yerləşdirilən Cekə dostları qitara hədiyyə edirlər, o isə təşəkkür üçün onlara “The Beatles” qrupunun “Yesterday” mahnısını ifa edir. Lakin dostları mahnını onun bəstələdiyini düşünürlər, Cek isə dostlarının onunla zarafat etdiklərini fikirləşib Google-da axtarış edir və görür ki, “The Beatles” qrupuna aid heç bir məlumat yoxdur. Qrupun tanınmadığı alternativ dünyaya düşən Cek onların bəstələrini tək-tək yadına salır və onları öz əsərləri kimi təqdim edir.
Mahnılar qısa zaman ərzində internet üzərindən məhşurlaşır və bəstələri eşidən müğənni Ed Sheeran onun evinə qonaq gələrək Ceki öz konsertində çıxış etməyə dəvət edir. Ed Sheeranın meneceri isə Cekə Los-Ancelesə gedərək albom çıxarmağı təklif edir.
Cekin uşaqlıq dostu Ellidən ayrılığı, özünün bəstələmədiyi əsərlərə görə qazandığı məhşurluğun verdiyi daxili əzablar komediya janrında çəkilmiş musiqili filmə xüsusi məna qatır.
Heç kimin “The Beatles”qrupunu, Coca-Cola, Harry Potter və siqareti tanımadığı alternativ dünyaya tamaşaçı kimi baxarkən bir sıra düşündürücü məqamlarla qarşılaşırıq. Ən sevdiyimiz musiqinin və musiqiçinin ümumiyyətlə tarixdə olmadığını görsək necə hisslər keçirərik? Dəfələrlə qulaq asmaqdan yorulmadağımız “Yesterday”, “Let it be”, “Hey Jude” musiqiləri olmadan yəqin ki musiqi tarixi bir qədər sıxıcı olardı.Bəs biz hansı musiqi olmasa buna çox təəssüflənərdiniz?
Uzun illər dostluq etmiş Cek və Ellinin aralarında yaranan sevgi münasibəti komediya janrında çəkilmiş filmə xüsusi romantik çalarlar gətirir. Uşaqlıqdan Cekə sevgi ilə bağlanan Elli ondan qarşılıq görməyib öz hisslərini gizlədir və Cekin məhşurlaşması ilə onlar tamamilə bir-birindən uzaqlaşırlar. Film həqiqi sevginin olduğu yerdə bütün çətinliklərin aradan qalxa biləcəyini bizə göstərmiş olur.
Əgər Siz də bizlər kimi Ed Sheeran sevənlərdənsinizsə, demək bu film tam sizlikdir, çünki müğənni əvvəllər çəkildiyi bir çox filmlərdə olduğu kimi bu filmdə də ən az özəl səsi qədər mükəmməl performansı ilə də tamaşaçını heyrətləndirə bilir. Çox təəssüf ki, filmin bir çox səhnələrində ifaçının musiqiləri çox qısa səslənir və əlbəttə ki, burada məqsəd baş rolda çıxış edən Cek Malikin səhnə ifalarını önə çəkməkdir.
Həm musiqi dinləyib, həm film izləmək istəyənlər üçün isə “Yesterday” filmi çox düzgün seçim olardı. Doğrudur bir çox tənqidçilər filmin orta səviyyəli olduğunu bildirsələr də, dünyamızın keçdiyini bu çətin dövrdə komediya janrına üstünlük verərək bu filmi dəyərləndirə bilərsiniz.
Filmə baxmaq istəyənlər üçün final səhnələrini açıq ifadə etmək istəməsək də dürüstlüyün, sevginin qazandığı bir final olduğunu deyə bilərik.
Yazını məşhur “Yesterday” əsərindən bir neçə misra ilə tamamlamaq istərdik:
Yesterday
Love was such an easy game to play
Now I need a place to hide away
Oh, I believe in yesterday…