“Kitabsız evlər”

#kitab #kitabrəfi #mütaliə #dünyagörüşü
0 Shares
0
0
0
0
0

Evinizdə kitab rəfi var?

Bəziləriniz bu suala qürurla olduğunu deyəcəksiniz, bəziləriniz isə evdə yer olmadığını bəhanə kimi gətirəcəksiniz. Ama ən çoxunuz isə smartfon ya da planşetdə oxuyuram deyəcəksiniz. Rahatca istədiyim kitabı yükləyib telefonda oxumaq varkən niyə evdə tozlu rəf qurum ki?

Bunun mənfi və müsbət cəhətlərini uzun-uzun müzakirə etmək olar ama məqsədim araşdırma etmək deyil sadəcə söhbət etməkdir.

Son zamanlar oxuduğumuz cümlələr getdikcə azalır. Bizim nənə-bablarımız, ana-atalarımız bizdən qat-qat çox kitab, qəzet, jurnal oxuyardı. Anamın hər dəfə mənə danışdıqlarından bildiyim qədər babam bu məsələyə çox diqqət ayırarmış. Hər axşam işdən gələn babam dayılarım və anam gilə bir qəzet səhifəsi paylayıb onlardan bir məqalə oxumaqlarını xahiş edərmiş. Anam illər sonra bunun mənasını anlamışdı. Bəli, babam uşaqlarına oxumaq sevgisi aşılamağa çalışırdı.

Bəs biz indiki nəslin uşaqlarına nə öyrədirik? Telefon və TV.

İndi bəziləriniz deyəcəksiniz ki, uşağın başı qarışsın deyə bunu edirik. Ama gəlin etiraf edək ki, bunu öz başımız dinc olsun deyə edirik. Yox, evli deyiləm və ana deyiləm. Bəli sizin çəktiyiniz əziyyəti mən hardan bilim? Bəli, ana olaram bilərəm. İndi davam edə bilərik?

Ən gülməlisi isə bilirsiniz nədir? Heç mənim də evimdə kitab rəfi yoxdur. Bəlkə də ona görə bloq yazıram.

Hər nə isə, məncə millətcə çox az mütaliə edirik. Çünki maraqsız gəlir bizə. Kitaba verəcəyimiz pulu başqa əyləncə məhsuluna verə bilərik axı. Bu arada kitab qiymətləri mövzusuna heç girmək istəmirəm. Dünya birliyi buna hələ də dözür!

Az oxumağımızın daha bir səbəbi də vaxt azlığıdır. Ama bu da gülməli səbəbdir. Saatlarla əlimizdə mobil telefonla yazışır, video izləyirik, qısa olaraq beynimizin zombiləşməsi üçün hər şey edirik. Mən telefona qarşı deyiləm. Məndən çox bizim evdə telefona baxan yoxdu. Ona görə təklif edirəm ki, oxuyaq.

İndi çox oxuyan insanlar deyəcəklər ki, bu yazı onlara aid deyil, çünki ayda 10 kitab bitirirlər. Əla, təbrik edirəm! O zaman, o kitabları evdə saxlamayın, paylaşın. Əldən ələ verin, ki dostlarınız da oxusun. Axı kitabdan gözəl hədiyyə nə ola bilər? Kitabın süjetini, qəhrəmanların həyatını və yaxud elmi-fəsləfi bir kitabdan öyrəndiklərimizi müzakirə etməkdən daha gözəl nə ola bilər?

Axı nə qədər bayağı, heç kimə lazım olmayan, bugün oxuyub sabah unutduğumuz statuslar ilə vaxt öldürmək olar? TikTok-da həyata keçirilən vaxt soyqırımı barədə isə ümumiyyətlə susuram. Mən demirəm sosial media olmasın, əksinə olsun ki, daha çox paylaşaq. Ama bizləri düşünməyə, oxumaq mədəniyyətimizi inkişaf etdirməyə ilhamlandıran kitablar, məqalələr, hekayələr paylaşaq.

Təklif edirəm, elə indi hər kəs öz səhifəsində son oxuduğu kitab barədə öz düşüncələrini yazsın və o kitabı bir dostuna hədiyyə etsin. Bütün dostlar oxuduqdan sonra, o kitab evə geri gəlsin və kitab rəfindəki yerini tutsun.

Gəlin oxuyaq ki, evimiz kitabsız qalmasın!

Həmçinin, bəyənə bilərsiniz