“The Holiday”

#film #kino #romantika #komediya
0 Shares
0
0
0
0
0

2006-cı ildə tamaşaçılara təqdim olunmuş “The Holiday” amerikan romantik komediya filminin baş rollarında Kate Winslet, Cameron Diaz, Jude Law və Jack Black çıxış etmişdir.

Rejissor Nancy Meyersin ekran əsəri olan “The Holiday” filmində Kate Winslet “Daily Telegraph”da işləyən, İngiltərədə kiçik bir evdə yaşayan İris Simpinks xarakterini canlandırır. İrisin sevdiyi insan ondan istifadə edir,ona işlərini gördürür.

Kaliforniyada isə Amanda Woods (Cameron Diaz) adlı qadın onunla eyni taleyi yaşayır və o da xəyanətə uğrayır. Amandanın ilk səhnələrdə sevgilisini evdən çıxarması bir qədər komik formada tamaşaçılara təqdim olunur. Amanda oğlanı evdən qovarkən belə ağlamır. Sevgilisi ona çox soyuqqanlı olduğunu deyir və ona xəyanət etdiyini etiraf edir.

İris və Amanda “tətildə evlərin dəyişdirilməsi” saytında yazışaraq evlərini Yeni il tətilində dəyişməyə qərar verirlər. İris Amandanın Kaliforniyadakı villasına, Amanda isə İrisin İngiltərənin bir əyalətində yerləşən, yolları qarla örtülmüş kiçik evinə gəlir. Onlar iki həftəlik müqavilə bağlasalar da Amanda kimsəsiz, qarla örtülmüş kiçik evdən tezliklə sıxılır və dərhal evinə qayıtmaq istəyir. Lakin təsadüfən İrisin qardaşı Graham onun evinə gəlir, bununla da ikili arasında münasibətlər başlamış olur və Amanda bu kiçik evdə qalmağa qərar verir.

 
Paralel olaraq İrisin həyatı ilə tanış olan tamaşaçı iki personaj arasındakı aydın fərqi görə bilir. İris yeni evi çox bəyənir, otaqları gəzir, hər detala ayrı-ayrı baxır. Bir gün o, küçədə itmiş bir yaşlı qonşusunu evinə aparmaq üçün ona köməklik edəndə onun Oskar qalibi ssenarist Arthur Abbott olduğunu öyrənir. Onunla dostlaşır, İris ona keçmiş sevgilisi barədə olanları danışır və yaşlı Arthur ona güclü qadın obrazlarına üstünlük verilən filmlərin siyahısını verir. İris Miles ilə də tanış olur. Onu çox bəyənsə də gənc adamın həyatında başqa bir qadın olur.
 
 
Film Yeni il ərəfəsində baxıla biləcək ən gözəl filmlərdən ola bilər. Bir filmdə həm romantika, həm komediya, həm də dram ancaq bu qədər gözəl vəhdət təşkil edə bilərdi. Dram səhnələrinin üzərindən ötəri keçilsə də, İrisin qardaşı Grahamın başına gələnlər, onun yoldaşının vəfatı, iki qızı ilə tək qalması üzücü səhnələrdir. Lakin bu səhnələrdə belə tamaşaçının üzündə komik repliklər sayəsində gülüş yaranır.

Filmdə bir neçə nüans xüsusilə vurğulanıb. İnsanları tanımadan verilən qərarların necə düzgün olmadığını Graham və Amanda xarakterlərinin köməyi ilə daha aydın görürük. Bir insanı yaxından tanıdıqda, onun problemlərini bildikdə nəyi nədən etdiyini daha yaxşı anlaya bilərik. Buna dair bir neçə səhnəyə nəzər yetirək: Grahama fərqli qızlar tərəfindən fasiləsiz zənglər gəldiyini eşidən Amanda bundan narahatçılıq keçirsə də, sonradan həmin qızların onun övladları olduğunu öyrənir.

Elə ilk səhnədən Amandanın ayrılıq vaxtı ağlamaması onun soyuqqanlı olduğunu düşündürsə də, filmin sonuna yaxın valideynlərinin ayrılığı ilə əlaqədar yaşadığı travmanın nəticəsi olduğu üzə çıxır.

Filmdən çıxardığımız ən gözəl nəticə isə bu ola bilər ki, həyatın qarşımıza nə gətirəcəyi bəlli deyil, bizə aid olmayan, dəyər bilməyən insanları həyatımızdan çıxartdıqda daha yaxşı insanların dünyamıza daxil olması üçün yeni bir qapı açırıq.

Film əsl Yeni il abu-havasında bitir, kiçik bir ipucu verə bilərik ki Sizi gözəl bir final gözləyir, hamının xoşbəxt olduğu və həyatın dəyərini anladığı möhtəşəm bir final…

Xoş seyirlər…

Həmçinin, bəyənə bilərsiniz