Bu gün sizlərlə son zamanlarda kitabsevərlər tərəfindən çox oxunan, uzun müddət Azərbaycanda və Türkiyədə ən çox oxunan kitablar top onluqlarından düşməyən “Yad qadının məktubu” əsərini təhlil edəcəyik.
Kitablarında təzadlılığı sevən Stefan Zweigin bu əsəri ilk dəfə 1922-ci ildə nəşr edilmişdir. Birinci Dünya Müharibəsindən yenicə çıxmış və səfalət içərisində qalmış Avropada sevgini tapdığını düşünən bir uşağın dramı bu kitabda oxucuya təqdim olunub.
On üç yaşında bir uşaq necə sevə bilər ki? Ailəsindən sevgi görməyən, atasının yoxluğunu tanımadığı bir adamla doldurmağa çalışan bu qızcığazın sevgini necə asılılıq halına gətirməsi və ona bütün həyatını qurban verməsi oxucuda təəccüb yaratmaya bilməz.
Elə ilk cümlələrdən Stefan Zweig özünəməxsus formada oxucunun diqqətini çəkməyi bacarır. Bir ananın uşağının ölümü ilə sarsılması və sevdiyi insana məktub yazması səhnələri gözümüzün qarşısında canlanır. İlk olaraq bu qadının sevgisini niyə içində saxlaması, niyə gizli məktubla məhz körpəsi vəfat edərkən etiraf etməsi bir çox suallar yaradır. Yazıcı hər səhifədə oxucunu daha da hekayəyə bağlayır. Hətta adı belə bilinməyən bir qadının uşaqlıq sevgisi, həmin sevginin onun həyatına gətirdiyi bəlalar barədə yazılanlar insanı məyus edir.
Balaca qızcığaz yaşadığı binaya yenicə köçmüş tanımadığı bir gəncə aşiq olur. Onun sevgisi təkcə ona deyil, onun yazıçı olmağına, onun kitablarına, həyat tərzinədir. Həmin gəncin isə bu qızcığazın varlığından belə xəbəri yoxdur. Anası ilə həmin binadan köçmək məcburiyyətində qalan bu qız sevgisini etiraf etmək istədikdə onun ürəyini yaralayan səhnə ilə qarşılaşır və köçüb getməyə məcbur olur. Amma çox uzaqlara getsə də, yenə bir gün həmin binanın qarşısına gəlir və həmin adamla yenidən qarşılaşır. Beləliklə də baş qəhrəmanımızın həyatı keşməkeşli bir yola qədəm qoymuş olur.
Bəzən oxucu olaraq həmin qadına “niyə belə etdin, niyə həyatını qurban verdin?” demək istəyəcəksiniz. Amma onu necə tənqid edə bilərik ki? Bir uşağı heç bilmədiyi, tanımadığı bir hissdən ötrü, başqası tərəfindən sevilmədiyi üçün necə günahlandırmaq olar?
Əsəri bir qədər oxuduqda artıq həmin qızcığaz böyüdü, keçmiş səhvləri artıq etməz deyə düşünərkən onu yenə həmin adamın yanında görürük, hər dəfə daha böyük səhvlərlə. Uşağına daha yaxşı gələcək vermək üçün etdiyi səhvlər isə öz həyatının tamamilə puç olmasına gətirib çıxarır.
Sizlərə daim müsbət sonluqla bitən filmləri, əsərləri təqdim etməyə çalışsaq da, bu dəfə dəyərli oxucularımızı bir qədər göz yaşlarına qərq edəcək bu kitabı oxumağı tövsiyə edirik.
Xoş mütaliələr…