“Sen hiç ateş böceği gördün mü?”

#film #kino #dram #komediya
0 Shares
0
0
0
0
0

Yılmaz Erdoğanın 1999-cı ildə səhnələşdirdiyi ‘’Sen Hiç Ateş Böceği Gördün mü?’’ adlı tamaşası Türkiyədə cümhuriyyətin ilk illərindən başlayaraq 2000-ci illərə qədər olan dövrdə qədim bir malikanədə yaşayan Sözbir ailəsinin hekayəsindən bəhs edir.

Bu tamaşanın əsasında çəkilmiş eyniadlı filmdə baş rolda Ecem Erkek çıxış edir və istedadlı bir qızın – Gülsərənin obrazını canlandırır.

Gülsərən üstün zəkası ilə hər kəsi heyrətləndirsə də, məktəbdə müəllimlərlə etdiyi zarafatlar və açıqsözlü olması səbəbi ilə oradan xaric edilir. Hətta bu hadisə qarşısında belə ən yaxın dostu olan atası onu danlamır, ona insanlarla yola getmək üçün bir qədər ehtiyatlı danışmağı, hər doğru sözü birbaşa deməməyi məsləhət görür. Bununla da filmdə yaradılmış ata obrazının hər nə olursa olsun qızının arxasında olması və “məktəbdən xaric edilməsi” şərəfinə onunla dondurma yeməsi tamaşaçını həm güldürür, həm də duyğulandırır.

 
Lakin filmdəki ana obrazı atadan bir qədər fərqli təsvir edilir. Qızının digər uşaqlara bənzəməməsindən daim narahat olan ana onun hətta dəli olmasından belə şübhələnir. Kiçik yaşlarından əlində fənər tutaraq atəşböcəklərini çağıran, onlarla söhbət edən Gülseren komik replikləri ilə tamaşaçını güldürməyi bacarır. Filmdə ən gülməli səhnələr elçilik səhnələridir. Gülseren bu səhnələrdə çox ustalıqla gələn elçiləri peşman edib göndərə bilir.
 
Filmdə həmin dövrə aid bir sıra siyasi səhnələr də işlənilib. Lakin tamaşa əsasında çəkilən filmdə bu motivlər kifayət qədər həmin dövrün hadisələrini ehtiva edə bilmir. Hətta ölüm səhnələri belə yetəri qədər tamaşaçıya duyğunu ötürmür.

Filmdə demək olar ki yeganə gözəl yazılmış səhnə Gülserenin atasını itirdiyi səhnədir. Artıq atasının son nəfəsini verdiyini görən Gülseren qaçaraq evin həyətinə çıxır, orada Allaha üzünü tutaraq ürəyindən keçənləri ona danışır və atasını Ona əmanət edir.

Daha sonra Gülseren ailə qurur və yoldaşının cahilliyindən təngə gələrək ata evinə qayıdır. Hətta onun yoldaşı tərəfindən döyülməsini belə normal qarşılayan anası onu evinə qayıtmağa məcbur edir, lakin Gülseren bir daha həmin evə geri qayıtmır.

Gülseren tək-tək bibisindən, əmisindən, dayısından ayrılmalı olur və yola gedə bilmədiyi anası ilə tək qalır.

İşdən də ayrılan və bir qədər də yaşa dolan bu istedadlı qız təsadüf nəticəsində bir oğlanla tanış olur və bu oğlan onun zəkasına heyran qalır. Qısa zaman ərzində bir-birlərinə sevgilərini etiraf edən gənclərin bu hekayəsi çox talesiz şəkildə sonlanır.

 
Film komediya janrında çəkilsə də duyğusal səhnələrə geniş yer verilib. Çox təəssüf ki, həm aktyor işi, həm səhnələr kifayət qədər inandırıcı hazırlanmayıb. Son dövrlərdə kitablar və tamaşalar əsasında bir çox filmlər tamaşaçılara təqdim olunsa da, bəziləri uğursuz şəkildə ekranlaşdırılır. Nəzərdən keçirdiyimiz filmdə də tamaşa formatı çox bəlli olur, aktyor və aktrisalar tamaşalarda olduğu kimi növbəli şəkildə repliklərini deyirlər və film formatına uyğun dialoqlar formalaşmamış olur. Tamaşa üçün çox maraqlı olan hekayə mətni isə kifayət qədər ətraflı səhnələşdirilmədiyinə görə filmdə bəzi hissələr tamamilə tamaşaçını yorur. Əsas duyğusal səhnələrdə aktyorların zəif performansı filmin həyatiyiliyinə kölgə salır.

Bu günə qədər Sizlərlə bir çox filmləri təhlil edib, baxmağınızı məsləhət görsək də, bu film haqqında çox danışılmasına baxmayaraq bir çox tamaşaçı kimi biz tərəfdən də zəif film olaraq qiymətləndirildi. Filmə baxmağı planlaşdırırdınızsa başqa bir seçim etməyinizi və ya filmin əsasında çəkildiyi eyniadlı tamaşaya baxmağı məsləhət görürük.

Xoş seyirlər…

Həmçinin, bəyənə bilərsiniz