Bu gün Sizlərlə “Bir ömür nasıl yaşanır” kitabını təhlil edəcəyik. Bu kitab yaşından asılı olmayaraq uşaqdan böyüyə hər kəsin faydalana biləcəyi çox özəl bir kitabdır. Əsər tarixçi, akademik, yazıçı İlber Ortaylının müsahibəsi (sual-cavab) şəklindədir.
Kitabda bir çox mövzulara dair suallara İ.Ortaylının verdiyi cavablarda onun dərin təcrübəsi, yüksək bilik səviyyəsi oxucunu heyran etməyə bilməz. Bu əsər hər səhifəsində, hətta deyə bilərik ki, hər sətrində yeni biliklər, məlumatlar öyrənə biləcəyiniz çox maraqlı və dərin mənalı bir əsərdir. Düzdür İ.Ortaylının sərt üslubu bu müsahibədə də özünü biruzə verir və bəzi sətirləri oxuduqca oxucu əvvəlcə onun fikri ilə razılaşmaq istəmir. Çünki akademik hələ ilk paraqraflarda hansı yaşlarda artıq nəyi oxuyub bitirməli olduğumuz, xarici dilləri hansı yaşda öyrənməli olduğumuz, nələr üçün artıq gecikmiş sayıldığımız, nələr üçün hələ vaxtımızın olması və başqa bir çox mövzularda bizə aydın məlumat verir. Lakin qəbul etməliyik ki, sərt səslənsə də hər yaşın özünün xüsusiyyətləri var və tarixçinin dediyi sözlər acı reallığı tam əks etdirir. Bəzi şeylər üçün artıq gecikmiş olduğumuzu görmək isə bir oxucu kimi bizləri təəssüfləndirməyə bilməz.
İ.Ortaylının müsahibəsi bölümlər şəklində sistemləşdirilib və bəzi bölümlər həqiqətən də dəfələrlə oxuyub, onlar haqqında ətraflı araşdırma etməyimizə dəyəcək bölümlərdir. Bu kitabda hansı kinolara baxmalı, hansı əsərləri oxumalı, hansı ölkələrə getməli, kimlərlə dostluq edilməli və s. kimi çox maraqlı mövzularda həyata dair kifayət qədər maraqlı ipucları tapa bilərsiniz.
Kitabın bizə görə ən maraqlı və təəccüb doğuran bölümü İ.Ortaylının insan həyatını müəyyən dövrlərə böldüyü və 15, 25, 40, 55 yaşlarını vacib dönüş nöqtəsi kimi gördüyü ilk bölümdür. Akademik digər bölmələrdə də çox maraqlı nüanslara toxunur. O bildirir ki, onun şəxsi inkişafında rolu olan insanları özü axtarıb tapıb və bu cür insanlardan nələri öyrəndiyini ətraflı izah edir. Tarixçi oxuculara da kimdən nələri öyrənə biləcəkləri ilə bağlı yol göstərir.
İ.Ortaylı peşə seçimi mövzusuna da toxunur. Peşənin nəyə uyğun seçiləməli olduğu barədə kitabda bir xeyli məlumatlar var.
Dil mövzusunun müasir dövrümüzdə çox vacib olduğunu ifadə edən akademik dil öyrənməyin ən yaxşı yolları, hansı yaşda və necə öyrənilməsi barədə oxucularına məsləhətlər verir. Yazıçı həmçinin özünün də həyatında məsləhət aldığı insanlar barəsində danışır və kimlərin məsləhətinə qulaq asmalı olduğumuz barədə bizə xəbərdarlıq edir.
Səyahətlər barəsində yazılan bölüm isə zənnimizcə ən yaxşı bölümlərdəndir. Səyahət edərkən günlük yazmağı və gördüyümüz, getdiyimiz hər yeri orada ətraflı təsvir etməyi məsləhət görən akademik bunların bir gün yaddan çıxa biləcəyini, amma yazıların daim bizimlə qalacağını bildirir. Hansı şəhərdə daha maraqlı görməli yerlər, muzeylər, kitabxanalar, kafelər və s. olduğu barədə verdiyi məlumatlardan İ.Ortaylının yüksək intellekt sahibi olduğunu görməmək mümkün deyil.
Daha bir maraqlı məqam insanın öz yaşadığı məkandan necə yararlana bilməsi barədə olan bölümdür. Ümumiyytlə kitabda insanın şəxsiyyətini inkişaf etdirməsi, həyatda qarşısına çıxa biləcək problemlərlə necə mübarizə aparması barədə tarixçinin fikirləri həqiqətən də çox dəyərlidir. Əsasən də 20-30 yaşlarında olan insanlar üçün bu kitab çox yararlıdır.
Kitabı nə qədər bəyəndiyimizi yəqin ki etdiyimiz təhlildə heç bir tənqidi fikrin səslənmədiyindən də anlamış oldunuz. Son dövrlərdə işıq üzü görmüş ən maraqlı kitablardan olan “Bir ömür nasıl yaşanır” kitabı hər bir oxucunun kitabxanasında olmalı olan əsərlərdəndir. Kitabın bir çox tanıtım reklamlarında ən çox istifadə olunan və onun bir növ əsas məğzini ifadə edən bu sözlərlə yazımızı bitirmək istərdik:
“Cesur olun. Kendinizi rahat hissettiğiniz alanın dışında pencereler açın. Farklı dünyalarla ancak böyle tanışırsınız. Ben hep yerimde dursaydım, dünyamı değiştirecek insanları aramasaydım, bugün tanıdığınız ben olmazdım. Bir insanın bittiği an, miskinliğe esir olduğu andır. İnsan, konforundan vazgeçmeyi göze almalıdır. Kendi dünyasını yerinden kendisi oynatmalıdır”.