Bloqumuzda bu dəfə dahi rus yazıçısı Fyodor Mixayloviç Dostoyevskinin “Bəyaz gecələr” əsərinə yer verəcəyik.
Dostoyevski bu əsəri gənclik illərinin dostu, şair A.N.PIeşeyevə həsr edib.
1848-ci ildə nəşr edilmiş bu qısa romanın baş qəhrəmanı çox utancaq, xəyallarda yaşayan bir gəncdir. Romanda təsvir edilən hadisələr Peterburqda bəyaz gecələr kimi tanınan bir dönəmdə cərəyan edir. Bəyaz gecələr may ayının son həftəsindən başlayaraq iyun ayının 15-nə qədər gecənin tam qaranlıq olmaması hadisəsinə verilən addır.
Əsərə bu adın verilməsi də təsadüfi deyil. Belə ki yazıçının “xəyalpərəst” adlandırdığı baş qəhrəmanının cəmi dörd gecə və bir səhərdən ibarət olan sevgi hekayəsi Peterburqdakı bəyaz gecələr dövrü qədər kiçikdir. Romanın adındakı bəyaz rəng sevginin saflığını, gecələr isə aşiq olan insanın gecəsinin gündüzünə qarışmasını ifadə edir.
Əsərin giriş hissəsində adsız baş qəhrəman öz həyatından, yaşadıqlarından, ətrafındakı insanların köçüb getdiyindən, hər yerin boş qalmasından danışır. Daha sonra o Nastenka adlı bir qızla tanış olur. Həmin qızın nənəsi ilə yaşadığı darıxdırıcı həyatı, sevdiyi insandan ayrılması, həmin adamın Moskvaya bir illik getməsi, oradan qayıtsa da Nastenkanı axtarmaması barədə yaşam hekayəsini dinləyir. Qəhrəmanımız qıza sevdiyi insana məktub yazmağı, onu axtarmağı, ürəyində olanları ona deməyi məsləhət görür.
Lakin bütün bunları etməsinə baxmayaraq o, öz hisslərini cilovlaya bilməyib onu dostu kimi görən yeni tanış olduğu bu qızcığaza aşiq olur. Nastenka isə onun duyğularından xəbərsizdir. O öz sevdiyi insana göndərdiyi məktubu ona çatdırması üçün qəhrəmanımıza verir. Xəyalpərəst isə onunla nə qədər dost kimi qalmaq istəsə də bunu bacarmır. Nastenka hətta ona hələ ilk görüşdən dostluğa hazır olduğunu bildirmiş, lakin aşiq olmaması üçün onu xəbərdar etmişdi.
Xəyalpərəstin təkidi ilə Nastenka sevdiyi oğlana məktub yazır, lakin ondan cavab gəlmir. Bundan çox kədərlənən qızcığaz ağlamağa başlayır və onun göz yaşlarına dözə bilməyən qəhrəmanımız sonunda öz sevgisini etiraf edir. Bu etiraf qarşısında təəccüb keçirən Nastenka bir tərəfdən sevdiyi insanın onu tərk etməsi, digər tərəfdən həyatına yeni daxil olmuş bu insanın onu sevməsi xəbəri ilə sarsılır. Duyğuları bir-birinə qarışan qızcığaz onun sevgisinə qarşılıq verir, dostluqdan yaranan bu sevginin onların yeni qurulacaq ailələri üçün təməl daşı kimi gördüyünü deyir.
Bu hadisələr baş verərkən oxucu olaraq bizlər xəyalpərəstin bütün xəyallarının gerçəkləşdiyini düşünsək də F.Dostoyevski bizi təəccübləndirməyi bacarır və roman gözlənilməz sonluqla bitir. Novella formasında yazılan bu roman kədərli sonluqla bitsə də baş qəhrəmanımız bunu uzun ömürdə yaşanan bir anlıq xoşbəxtlik kimi görür və bununla da yaşadıqlarından əsla peşman olmadığını ifadə edir.
Əsər F.Dostoyevskinin yazdığı kiçik romanlar arasında özünəməxsus yer tutur. Yazıçının digər əsərləri kimi bu romanı da oxucular tərəfindən hər zaman sevilmişdir. Dövrlər dəyişsə də yazıçının əsərləri heç bir zaman öz aktuallığını itirməmişdir. Çünki o, insanların hisslərinə, duyğularına bütün əsərlərində geniş yer vermişdir. Ona görə də zənnimizcə insanlıq mövcud olduğu, insanlar sevdiyi, sevildiyi və ya sevgilərinin cavabsız qaldığı müddətcə bu əsərlər daim oxucular tərəfindən bəyənilərək oxunacaqdır. F.Dostoyevski yaradıcılığı təhlil edilməyəcək dərəcədə mükəmməldir, bu səbəblə də onun nəinki bu romanını, bütün əsərlərini oxumağı Sizlərə məsləhət görürük.
Xoş oxumalar…