“Qızılbalıqçün bir neçə arzu və digər ədviyyatlar”

#film #kino #millikino #millifilm #arzu
0 Shares
0
0
0
0
0

AMP komandası olaraq bu günə qədər Sizləri bir sıra xarici filmlərlə tanış etmişik. Lakin bu dəfə öz milli kinomuza müraciət etmək istədik.

Hər kəsə məlumdur ki, Azərbaycan filmləri tamaşaçılar tərəfindən uzun illər sevilərək baxılmışdır. Lakin milli kino sahəmizdə yaranan durğunluq bu sahənin bir qədər arxa plana keçməsinə səbəb olmuşdur. Kino tariximizdə yaranan bu problem yavaş-yavaş aradan qalxır. Belə ki, gənc nəslin ərsəyə gətirdiyi bir sıra filmlər tamaşaçılar tərəfindən bəyənilərək izlənilir. Bu gun Sizlərə gənc rejissor Mirbağır İsmayılovun “Qızılbalıqçün bir neçə arzu digər ədviyyatlar” qısametrajlı filmindən bəhs edəcəyik.

 
Rejissor çəkdiyi film barəsində belə deyir:

“Oktyabr ayında Dağlıq Qarabağ müharibəsinin gərgin günlərindəki hakim gündəmdən bir qədər uzaqlaşmaq üçü kameramı götürüb Lənkəranın Aşağı Nüvədi kəndinə getdim. Kənddə çətin anlara baxmayaraq, gündəlik yaşam qayğılarını davam etdirən köhnə tanışlarla görüşdüm. Aşağı Nüvədi kəndində yaşayan Səxavət Həsənov 30 ilə yaxındır ki, elə yaşadığı kəndin sahilində balıqçılıqla məşğuldur. Rameş, Rza Tehran da onun kimi uzun illərdir vaxtını dənizlə, balıqçılıqla keçirir.  Müharibə başlayalı onlar hər gün cəbhə xəbərlərini izləyir, döyüşən qohum həmkəndliləri ilə maraqlanırlar, bəzən isə onlardan gələn bəd xəbərlərin kədərinə qapılırlar. Bütün bu baş verənlərlə yanaşı həyatlarına qaldıqları yerdən davam edirlər. Onlar hər gün səhər tezdən dənizə girib balıq ovlayır, çətin günlərdə torlarının boş olmamasını möcüzə baş verməsini bütün arzularını yerinə yetirəcək qızılbalığı gözləyirlər.”

 
Film həm realistik, həm də poetik formada çəkilib. Belə ki, balıqçıların sadə həyatı, səmimiyyəti bütün çılpaqlığı ilə tamaşaçıların gözləri önünə sərilir. Digər tərəfdən isə bu sadə insanların “qızılbalıq”dan istədikləri böyük arzuları hər bir tamaşaçını göz yaşlarına boğacaq dərəcədə poetik təsvir edilib.

Film İkinci Qarabağ müharibəsi dövrünə təsadüf etdiyindən balıqçıların da bu barədə olan söhbətlərinə qısaca yer verilmişdir. Onların cəbhədən gələn şəhid qəhrəmanlarımızın ölüm xəbərlərinə keçirdikləri məyusluq hissi əslində həmin dövrdə bütün Azərbaycan xalqının keçirdiyi hissləri ifadə edir. Lakin balıqçılar qələbə arzusu ilə yaşayırlar.

Onlardan biri rejissorun “qızılbalıq bir arzunuzu gerçəkləşdirmək istəsə bu hansı arzunuz olardı?” sualına belə cavab verir:

“Arzum budur ki,müharibə qurtarsın. Qələbə ilə qurtarsın, elə belə yox. Biz qələbə qazanaq torpaqlarımız qayıtsın. Biz bu problemi həll etməliyik ki, gələcək nəsillər firavan yaşasınlar. Onda biz rahat gözlərimizi yuma bilərik”.

 
Rejissorun qeyd etdiyimiz sualına balıqçıların cavabları da müxtəlif olur. Bəziləri artıq yaşının keçdiyini deyib övladlarına və nəvələrinə sağlamlıq, müharibəsiz həyat arzulayır, bəziləri maddi şeylər diləyir. Bir balıqçı isə bizləri xüsusən duyğulandırdı. Onun arzusu rəhmətə gedən bir yaxın qohumunu həyata qaytarmaqdır. Bunu deyərkən gözlərindəki dərin qəm-kədər isə zənnimizcə hər bir tamaşaçının ürəyinə toxunacaqdır.

Bu sənədli film əlbəttə ki, daha professional formada çəkilə bilərdi. Lakin rejissorun gənc olmasını, mövcud şəraiti göz önündə tutaraq, deyə bilərik ki, Azərbaycan xalqının haqlı davası olan Qarabağ müharibəsi gündəlik həyat hadisələri fonunda çox uğurlu bir şəkildə təsvir edilmişdir. Fikrimizcə qəhrəmancasına qələbə ilə sonlandırdığımız bu müharibə barəsində hələ çox filmlər çəkiləcək, çox kitablar yazılacaqdır.

Milli kinomuzun inkişafı Azərbaycan mədəniyyət sahəsində çox mühüm yer tutur, bu baxımdan gənc rejissorlarımıza dəstək olmağı və ərsəyə gətirdikləri filmləri izləməyi Sizlərə tövsiyə edirik.

Xoş seyirlər…

Həmçinin, bəyənə bilərsiniz