“Şouşenkdən qaçış” filminə yəqin ki çox az sayda kinoman baxmamış olar. Filmi təhlil edərkən onun IMDB-də 1-ci yerdə olduğunu da xatırlatmaq istərdik. Belə ki, adıçəkilən filmin uzun illər bundan əvvəl, 1994-cü ildə çəkilməsinə baxmayaraq, hələ də ən çox baxılan filmlərdən olması təsadüfi deyil.
Rejissor Frenk Darabontun ekran əsəri olan “Şouşenkdən qaçış” filmi baş qəhrəman, bank vitse-prezidenti Endi Dyufreynin (Tim Robbins) öz yoldaşını ona xəyanət edərkən görməsi, yoldaşının və onun sevgilisinin ölümündə günahlandırılması ilə bağlı məhkəmədə çıxış etməsi səhnələri ilə başlayır. Paralel formada tamaşaçıya təqdim olunan bu səhnələrdə törətmədiyi cinayətə görə ömürlük cəza alan Endi Şouşenk həbsxanasına göndərilir.
Və bir gün həbsxanaya yeni bir cinayətkar gətirilir. O, Endinin günahsız olduğunu sübut edə biləcək məlumatlardan xəbərdardır, bunu dərhal rəhbərliyə çatdıran Endinin həbsxanadan çıxacağına dair ümidləri yaranır. Amma ondan öz işlərində istifadə edən həbsxana müdiri buna qəti etiraz edir və onun şahidi kimi ifadə verməyə hazır olan həmin gənci öldürtdürür.
Başına gələn bütün bu bəlalara baxmayaraq Endinin yanında onunla çox möhkəm dostluq qurmuş Red var. Onların arasında həbsxanada keçmiş uzun illər ərzində çox sağlam bir dostluq yaranır. Lakin öz taleyi ilə barışan Reddən fərqli olaraq Endi Şouşenkdə ömürlük qalmaq fikrində deyil. Yeri gəlmişkən, Red rolunu çox ustalıqla icra edən Morgan Freeman karyerasının ən yüksək performanslarından birini məhz bu filmdə ifa edir.
Filmin ssenarisi tamaşaçı üçün həddindən artıq maraqlı formada qurulub. Filmdə son ana qədər Endinin etdiyi bir çox şeylərdən məna çıxarmaq mümkün olmur, yalnız filmin sonunda bütün suallar öz cavabını tapır.
Xoş seyirlər…