AMP sevərlər üçün daha əvvəl təqdim etdiyimiz şəxsi inkişafla bağlı “Bir ömür nasıl yaşanır” kitabından sonra bu dəfə növbəti kitabla Sizi tanış etmək istəyirik.
Əsasən Türkiyənin sosial şəbəkə istifadəçiləri tərəfindən şiddətlə tövsiyə edilən və başqa kitablara bənzəmədiyi deyilən Piraye Erdoğanın “Seyir” kitabı bizim də marağımıza səbəb oldu. Belə ki, kitabın ilk səhifələri bədii əsər təsiri bağışlasa da, burda izah olunan məsələlərin tamam başqa bir məna daşıdığını başa düşmək elə də çətin deyil.
Bir qadının – Minanın həyatının altının üstünə gəldiyini, özünü necə bədbəxt hiss etdiyini oxuyarkən bəzən ona “insan ağac deyil ki, kök saldığı yerdən qopub gedə bilməsin, get və həyatını yenidən başla” demək istəyəcəksiniz. Amma növbəti səhifələrdə onun etdiyi səhvləri, yalnışları özünüzün də etdiyinizi görəcəksiniz. Bir sözlə hər kəsin özündən bir parça tapa biləcəyi bu kitab sadəcə bədii əsər deyil, həm psixoloji, həm də şəxsi inkişaf barədə yazılan kitabların bəlkə də ən samballı olanlarından biridir.
Mina öz hisslərini, duyğularını gizlədərək, başqalarının istəklərinə, fikirlərinə görə yaşayır və sonunda elə bir həddə gəlib çatır ki, artıq nəfəs almağa belə çətinlik çəkir. Əlbəttə hər kəsin həyatında müəyyən dövrlər olur ki, artıq insan heç nəyin düzəlməyəcəyini və əvvəlki kimi olmayacağını bilir. Amma nə demişdi Şəms-i Təbrizi: “Həyatım alt-üst olar deyə qorxma, nə bilirsən həyatının altının üstündən daha yaxşı olmayacağını?”
Həqiqətən də bəzən çöküşlər bizə bir yol göstəricidi və bədənimizin verdiyi siqnaldır. Nəyinsə yolunda getmədiyini bizə ilk olaraq bədənimiz göstərir. Kitabda nəfəs almağı belə unutduğumuz, təxirə saldığımız barədə çox maraqlı faktlar var. Əslində hamı üçün çox təbii hal kimi görünən nəfəs alıb-vermək belə insanın həyatını necə dəyişə bilər bunun şahidi oluruq. Kitabda məsləhət görülən “Tibetin gənclik qaynağı”- 5 möcüzəvi hərəkətə dair bir qədər araşdırma etdikdə görürük ki, əslində 5 çox bəsit hərəkət bizim gündəlik rutinimizə salındıqda necə böyük dəyişikliklərə səbəb olur. Sadəcə 10-15 dəqiqəmizi alacaq bu hərəkətlər qan dövranımızın, nəfəs alıb-vermək tempimizin yaxşılaşmasına, enerjimizin artmasına, daha dinamik, gümrah olmağımıza kömək olur.
Kitabda ən maraqlı faktlardan biri, bəlkə də ən birincisi isə beynimizin bizə oynadığı oyunlardır. Əslində kitabı oxumadan bunu tam dərk etmək bir qədər çətindir. Amma bu qədərini deyə bilərik ki, həyatınızda çox əsaslı dəyişikliklər edə biləcək möhtəşəm bir məlumat seli ilə qarşı-qarşıya qalacaqsınız. Bu məlumatları idrak etmək, həzm etmək və qəbul etmək bəzən o qədər çətin olur ki, bunun kitabda deyildiyi kimi olmadığını düşünmək daha çox insanı rahatladır. Amma dönüb bir keçmişimizə baxdıqda biz də mütləq zehnimizdə qurduğumuz bəzi fikirlərin bizə necə ziyan verdiyini, anı yaşamağa bizə necə mane olduğunu görmüş oluruq.
Kitab zənnimizcə təkcə oxumağı sevən kitabsevərlər tərəfindən deyil, həm də müəyyən psixoloji yardıma ehtiyacı olan, həyatının çətin dövründə olan insanlar üçün də bir işıq yoludur. Həqiqətən də insanın özü ilə barışması, həyatında olanları təhlil etməsi və özünü qəbul etməsi demək olar bütün psixoloji xəstəliklərin öhdəsindən gəlməyə kömək edir. Dünyamızın çətin dövrdə olduğu, xəstəliklərin tüğyan etdiyi bir dövrdə emosiyaların qarışması, idarə edilməz vəziyyətə gəlməsi də qaçınılmazdır. Buna görə yazıçı Pirayə Erdoğan müəyyən proqramlarla insanlara fərdi olaraq da kömək edir, lakin bir çox müsahibəsində də dediyi kimi bu kitabda Mina xarakterinin fonunda o, çətinlikdə olan insana zəruri ola biləcək bütün məlumatları oxucuya ötürüb və onun insanlara fərdi olaraq təqdim etdiyi proqramı tam əhatə edir.
Kitabda Minanın həyatının necə dəyişilməsi, onun xəyallarını necə gerçəkləşdirməsi, sevdiyi insana necə qovuşması barədə hadisələr çox böyük ustalıqla təsvir edilib. Əslində bütün bu dəyişikliklərin olmasının yeganə bir yolu var: anda qalmaq və özün olmaq. Keçmişə və gələcəyə dair fikirlər insanı yorur və ancaq həyatını, yaşadığı anı itirməsinə səbəb olur. Biz keçmişdə bizə edilən haqsızlıqları daim fikirləşərək onları canlı saxlayırıq və bir yük kimi illərlə daşıyırıq. Bizə haqsızlıq edən barədə şikayətlənsək də, ən böyük haqsızlığı özümüz-özümüzə edirik. Çünki həmin insan yalnış hərəkəti bizə bir dəfə eləyib, amma biz onu daim fikirləşərək hər an əzab çəkirik və özümüzə bunu unutmağa imkan vermirik.
Eləcə də gələcəklə bağlı qorxularımız da bizə indiki anımızı narahatlıqla yaşamağımıza və ya ümumiyyətlə yaşaya bilməməyimizə səbəb olur. Hansı birimiz səhər yuxudan duran insandan başqa hər hansı bir canlının “görəsən bu gun nə yeyəcəm?” deyərək narahat olduğunu görmüşük. Hər bir canlının belə bir qismətinin, bir payının olduğu bu dünyada durmadan gələcəyimiz barədə düşünməyin nə qədər doğru olmadığını görmək elə də çətin deyil.
Çox təəssüf ki, bizə neqativ təsir edən ən böyük amillərdən biri də başqalarının düşüncələrinə öz hisslərimizdən, duyğularımızdan daha çox əhəmiyyət verməyimizdir. Mina da başqaları xoşbəxt olsun deyə daim özünü qurban verir. Bu isə insanın müəyyən müddətdən sonra özündən küsməsinə, güzgüyə belə baxa bilməyəcək dərəcədə özündən utanmasına və qaçmasına səbəb olur. Mina da artıq özünə güzgüdə baxa bilməyəcək səviyyəyə gəlib çatır. Artıq o güzgüdəki əksinə ürək ağrısı ilə baxır və onu sadəcə yazıq, bacarıqsız, lazımsız bir insan olaraq görür. Ta ki, Magistra ilə qarşılaşana qədər. Onlar parkda təsadüf nəticəsində qarşılaşırlar. Amma bu həyatda təsadüf deyilən bir şey yoxdur, sadəcə bizim beynimizin anlaya bilmədiyi, bizim üçün yaşanılması xeyirli olan, bizi həyatımızın növbəti pilləsinə götürən hadisələr var. Beləliklə bu cür qarşılaşma nəticəsində Mina öz acizliyini Magistranın həyatsevərliyi fonunda daha da aydın görmüş olur. Magistranın dik yerişi, özündən əmin danışığı, özünə sevgisi və hörməti Minanın gözündə heç vaxt əldə edə bilməyəcəyi nemətlər olaraq görünür. Amma həyat onu xəyallarında olan həmin ideal qadına çevirərək ona özünün necə dəyərli olduğunu göstərmiş olur.
Kitabda ələ alınan əsas mövzulardan biri də sevgidir. Sevginin insanın özündən başlandığını, özünü sevməyən insanın başqalarını sevə bilməyəcəyi sözlərini çox eşitmişik, amma bu kitab bunu bizə o qədər dərin elmi sübutlarla açıqlayır ki, həqiqətən də insanın başa düşə bilməyəcəyi ən kiçik məqam belə qalmır.
Zənnimizcə həyatının müəyyən dövrlərində təkrar oxunmalı olan bu kitab həm mənəvi, həm elmi, həm psixoloji və həm də bədii cəhətdən ruhunuzu oxşayacaq. Bu qədər professional şəkildə tərtib edilmiş bir kitabdan özünüzü məhrum etməyin. Siz bu kitabı oxumağa, özünüzü bir mərtəbə daha inkişaf etdirməyə və bir sözlə hər şəyin ən yaxşısına layiqsiniz. Özünüzü sevin və həyatda özünüz olmağı bacarın.
Xoş oxumalar…