Daimi izləyicilərimiz daha əvvəl İlber Ortaylının “Bir ömür nasıl yaşanır” kitabının təhlilini yəqin ki, yaxşı xatırlayırlar. Eyni formada – yəni sual-cavab (müsahibə) formasında yazılan Doğan Cücəloğlunun “Kendini keşf etmeye, zorluklarla başa çıkmaya varmısın?” kitabı da bizlər üçün maraqlı yeniliklərə qapı açdı.
Kitab Deniz Bayramoğlunun professor Doğan Cücəloğlu ilə həyata dair söhbətindən ibarətdir. Təkcə kitabın mündəricatı belə hər bir oxucunu həyəcanlandıra biləcək səviyyədədir. Bu dəfə təhlilimizi daha dərindən – bölümlər üzrə etmək qərarına gəldik.
Beləliklə başlayaq.
Bizlər “İçimizdəki özümüzü necə taparıq” başlığı ilə dördüncü bölümü daha çox həyata bağlayan amillərlə dolu olması, ümid aşılaması cəhətinə görə çox bəyəndik. İlber Ortaylı ilə olan müsahibədə bir çox yeniliklər öyrəndiyimizi bildirmişdik və kitabı çox bəyəndiyimizi də ifadə etmişdik. Lakin zənnimizcə, D.Cücəloğlu İ.Ortaylıdan daha çox oxucunun qəlbinə yol tapan cümlələrdən istifadə edir. İ.Ortaylının kitabında bir çox şeyləri etmək üçün artıq gecikdiyimizi düşünüb heyfslənərkən D.Cücəloğlu ümidi kəsməməyi, mübarizəni heç vaxt buraxmamağı və olub keçən və ya olmayıb keçən məsələlərə görə heyfslənmək yerinə həyatı olduğu kimi, yaxşısı və pisi, səhvi və düzü ilə qəbul edib, şükr etməyi öyrədir.
Kitabın digər bölümlərində zehnimizin necə işləməsi, necə düzgün peşə seçilməsi, hansı kitabları oxumalı, haraları gəzməli, hansı filmlərə baxmalı olduğumuz və s. başlıqlar altında maraqlı müzakirələr aparılır. Hər birini daha dərindən anlamağınız və bölüm-bölüm oxuyaraq maraqlı hissələri özünüzün kəşf etməsi istəyi ilə digər bölümləri bir qədər qısa şərh etdik.
Ümid edirik ki, Siz də ən az bizim qədər bu müəllifi sevəcəksiniz. Bu ilin fevral ayında itirdiyimiz bu dahi şəxsiyyət öz kitabları, fikirləri ilə hələ uzun illər öz oxuyucularının qəlbində yaşayacaqdır. Sizlər əgər bu məqaləmizi bəyənsəniz, növbəti məqalələrimizdə D.Cücəloğlunun digər kitablarını da Sizlərlə müzakirə edəcəyik.
Xoş oxumalar…