“Squid Game”

#film #squidgame #məqalə
20 Shares
20
0
0
0
0

Son dövrlərdə Netflix platformasında ən çox baxılan, sosial şəbəkələrdə ən çox haqqında bəhs olunan “Squid Game” filmini bu gun mərcək altına alacağıq. Hər kəsin bu qədər maraqla seyr etdiyi bu filmin ana məğzi nədən ibarətdir, verilən əsas mesajlar nələrdir və ən əsası filmi izləməyə dəyərmi?

Koreyalı rejissor  Hwan Dong-hyukun ekran əsəri olan “Squid Game” filmi uşaq oyunları tərzində qurulmuş, əslində olduqca sadə görünən oyunlar oynayaraq 38.7 milyon dollar qazanmaq şansı əldə edən, maddi cəhətdən çətinliyi olan 456 nəfərlik bir qrup insanın yaşadıqlarından bəhs edir. Qalibin mükafatı çox yüksək olsa da, məğlubiyyətin nəticəsi də çox ağlasığmazdır. Belə ki, bu oyunlarda məğlub olanlar dərhal öldürülür.

Baş rollarında Lee Jung-jae, Park Hae-soo, O Yeong-su, Wi Ha-joon, Jung Ho-yeon, Heo Sung-tae, Anupam Tripathi və Kim Joo- Ryoungun oynadığı bu filmdə canlandırılan 456 nəfər son ümidlərini bu oyuna bağladıqları üçün həyatlarını belə riskə atan insanlardır.

Rejissor Hwan Dong-hyukun cavanlığında rastlaşdığı bir sıra maddi çətinliklərlə əlaqədar olaraq tərtib etdiyi bu ssenari 2008-ci ildə yazılsa da o, layihənin həyata keçirilməsi üçün sponsor tapa bilməmiş və nəhayət Netflix xarici dillərdə platformanın çərçivəsini genişləndirmək strategiyasına əsasən 2019-cu ildə bu filmlə maraqlanmışdır.
Filmin ana fikrini izah etmək məqsədilə bir sıra oyunçuların həyat hekayəsi ilə Sizləri tanış etmək istərdik:
Baş rol ifaçılarından biri olan Seong Gi-hun yaşlı anası ilə yaşayır. Sürücü olaraq çalışan 456 nömrəli bu oyunçu yaranmış borclarına görə hələ ilk başlarda məğzini dərk etmədiyi bu oyuna daxil olur. Sonunda ölüm olduğunu bildikdə oyundan ayrılsa da, ikinci çağırış zamanı çarəsiz qalaraq yenidən oyuna qayıdır.
Cho Sang-woo adlı 218 nömrəli oyunçu isə  Seul Universitetini yüksək nəticələrlə bitirmiş, bir şirkətdə rəhbər vəzifədə çalışmışdır. İşlədiyi şirkətdə müştərilərdən pul oğurladığı üçün polis onu axtarışa verib. O, Seong Gi-hunun dostudur. Bu dostluq zənnimizcə, filmdə ən maraqlı səhnələrin əsas bünövrəsini təşkil edir, final səhnəsinə isə sözün əsl mənasında damğa vurur.
Kang Sae-byeok adlı 067 nömrəli oyunçu isə Şimali Koreyadan qaçmış gənc bir qızdır. Onun sərhədin o biri tərəfində qalmış ailə üzvlərini sağ-salamat qaytarmaq üçün pula ehtiyacı var. Buna baxmayaraq, bu qız son anına qədər öz insanlığını itirmir. Əsl dürüstlük nümunəsi kimi fikrimizcə filmdə ən təsirli rollardan biri olan Kang Sae-byeok obrazından öyrənilməli bir çox xarakterik xüsusiyyətlər var.

Oh İl-nam isə beyin xərçəngi olan yaşlı bir kişinin obrazıdır. Bu qoca adam ölümü gözləmək yerinə bu oyuna daxil olaraq həyatına rəng qatmağa çalışır. Amma bu obraz o qədər dərin ideyaların, fikirlərin məhsuludur ki finalda olanlara bir çox tamaşaçıların inana bilməyəcəklərini əminliklə deyə bilərik. Düzdür, filmi izləyən bir sıra izləyicilər bu obrazla bağlı bir neçə səhnədə müəyyən mülahizələr yürütdüklərini bildirirlər, lakin istənilən halda filmin sonu çox gözlənilməz, möhtəşəm formada işlənilib. Əlbəttə buna sonluq da demək olmaz, çünki bu sadəcə birinci sezonun finalıdır.

Filmdə həyat hekayələri maraqlı olan bir çox oyunçular olsa da, itmiş qardaşını axtaran Hwang Jun-ho adlı polis obrazı bizim daha çox marağımıza səbəb oldu. Belə ki, öz sevdiyi insan – qardaşı üçün bütün çətinliklərə rəğmən, öz həyatını riskə atan, ölümü belə gözə alan Jun-honun qarşılaşdığı son səhnə həqiqətən də çox təəssüf doğurur. Zənnimizcə, bu obrazın üzərində daha çox işlənilməməsi və həyat hekayəsinin qısa olması filmin zəif cəhətlərindəndir. Belə ki, bir çox tamaşaçıların da öz rəylərində bildirdiyi kimi, yüksək peşəkarlıq göstərən bu aktyorun səhnələri birinci sezonda bitməməli və növbəti sezon da mütləq davam etdirilməli idi. Amma nə bilmək olar bəlkə də bütün bu rəylərdən təsirlənən ssenarist növbəti sezonda tamaşaçıları yaxşı mənada təəccübləndirəcək?
Film tənqidçilər tərəfindən də çox bəyənilmiş və ən xırda detalların belə ustalıqla işlənməsi yüksək qiymətləndirilmişdir. “Squid Game” nəinki ssenarisi ilə, həm də aktyor işi, musiqiləri, vizual görüntüsü baxımından tamaşaçıların rəğbətini qazanmışdır.

AMP komandası olaraq şəxsi rəyimizə gəldikdə isə, deyə bilərik ki bu filmin bu qədər çox izlənilməsi heç də təsadüfi deyil. Düzdür, “Squid Game” bir sıra ağır səhnələrin olduğu, həqiqətən də bəzən ekrana baxmağa belə ehtiyat edəcəyiniz süjetlərlə dolu bir filmdir. Buna görə də əsəbləri zəif olan tamaşaçılara filmi izləməyi məsləhət görmürük. Lakin insan münasibətləri, maddi çətinliklər fonunda insanların nələr edə biləcəkləri bundan daha gözəl bir formada vizuallaşdırıla bilməzdi. 

Filmdə ən çox sevdiyimiz səhnələr isə dostluğa, sevgiyə görə canından keçən insanların yaşadığı, keçirdiyi hisslərin təsvir olunduğu səhnələrdir. Belə ki, filmin son epizodlarında nə olursa olsun insanlığın ölmədiyi, bütün həyati çətinliklərə, maddi və mənəvi problemlərə baxmayaraq yaxşı insanların hələ də yaşadığına dair çox incə mesajlar verilir.
Bəzi kitablar və filmlər vardır ki, onları sözlərlə təsvir etmək mümkün olmur. “Squid Game” filmi barədə də nə qədər Sizə məlumat verməyə çalışsaq da, düşünürük ki, filmi tam əhatə edəcək sözlər mövcud deyil və sadəcə bu cümlə ilə məqaləmizi sonlandıra bilərik: Bu filmə mütləq baxın və baxdırın.
Xoş izləmələr…
 
 
 
 
Həmçinin, bəyənə bilərsiniz