Bir çoxlarımız uzun müddətdir pandemiya ilə əlaqədar çox sevdiyimiz teatrlardan uzaq qalmışdıq. Nəhayət bu həsrətə son qoyuldu, teatr səhnələri və aktyorları öz tamaşaçılarına qovuşdu. Bəs niyə insanlar teatrların bağlı olmasından bu qədər narahat idilər və nədir bu uzun aradan sonra teatr tamaşalarında anşlaq yaranmasının səbəbi? Tamaşaçılar teatrlara niyə bu qədər əhəmiyyət verirlər? Niyə bir sıra sırf uşaqlar üçün nəzərdə tutulmuş tamaşalara valideynlər övladlarını aparmaqda bu qədər həvəslidirlər?
Pandemiya ilə əlaqədar bir sıra müəssisə və məkanlar kimi teatrlar da fəaliyyətini dayandırmışdı. Bir çox insanlar teatrların bu qədər uzun müddət bağlanmasına görə öz narahatlıqlarını bildirirdilər. Bu da əbəs yerə deyil, çünki insanın şəxsi inkişafında, cəmiyyətin intellektual səviyyəsinin artmasında teatrların çox böyük əhəmiyyəti var. Biz bunu özümüz də müşahidə edə bilərik. Getdiyiniz hər hansı bir tamaşanı yadınıza salın, tamaşa bitdikdə özünüzü necə hiss etmişdiniz? Bu barədə düşünərkən hansı duyğuları yaşayırsınız? Bir çox tamaşaçılar son səhnələrdə özlərini çox müsbət auranın bürüdüyünü bildirirlər. Bu aura əslində yaşadığımız həyatda qarşımıza çıxan çətinliklərə verdiyimiz fasilədir. Bir sözlə teatrlar istirahət edərkən düşünmək istəyənlərin məkanıdır.
Növbəti sualımız isə teatlarda anşlaq yaranması və biletlərin pandemiyaya qədərki dövrə nisbətən daha sürətlə tükənməsi ilə bağlıdır. Bütün bunların da əsas səbəbi uzun aranın verilməsidir. Hətta bir çox valideynlər övladlarının tamaşalara getməkdə çox israrlı olduqlarını bildirirlər. Əlbəttə ki, bu hal çox sevindiricidir. Uşaqlarda və gənc nəsildə olan bu həvəs bir sıra hallarda yetişkənlərdə yavaş-yavaş azalır. Amma teatrların ən az kitablar, kinolar qədər mənəviyyatımızın formalaşmasında əhəmiyyətli olduğunu heç vaxt unutmamalıyıq.
Yuxarıda yazılanları əyani şəkildə izah etmək üçün Gənc Tamaşaçılar Teatrının qismən təmirdə olması ilə əlaqədar Rəşid Behbudov adına Mahnı teatrının səhnəsində baş tutmuş “Tıq-tıq xanım” tamaşasından bəhs etmək istərdik. Pandemiya ilə əlaqədar teatr əməkdaşlarının həyata keçirdiyi bir sıra təhlükəsizlik tədbirləri çərçivəsində baş tutan tamaşa azyaşlı uşaqlar üçün nəzərdə tutulmuşdu. Azərbaycan ədəbiyyatında nağıl janrının ən maraqlı nümunələrindən olan “Tıq-tıq xanım” nağılı səhnələşdirilərkən izləyicilərin azyaşlı uşaqlar olması nəzərə alınaraq daha çox musiqili, şən səhnələrə geniş yer verilmişdi. Belə ki, aktyorların daim kiçik tamaşaçılara suallar verməsi onların sıxılmadan tamaşaya sonadək baxmalarına səbəb oldu. Həmçinin uşaqların yaxından bələd olduğu müasir musiqilərlə nağılın bir sıra səhnələrinin sintez olunması da maraq kəsb edən faktorlardan biri idi. Gündəlik həyatda eşitdikləri musiqilər fonunda tamaşanı izləmək teatrın balaca izləyicilərinə xoş təsir bağışladı və aktyorlarla birlikdə hər kəs rəqs etdi.
İndi isə bu tamaşa fonunda əsas mövzunu ələ almaq istərdik. 3 yaşdan etibarən girişinə icazə verilən bu tamaşada kiçik yaşlı uşaqlar çoxluq təşkil edirdi. Niyə görə valideynlər bu uşaqları hər hansı əyləncə mərkəzinə və ya uşaqlara maraqlı gələcək yerlərə aparmaq əvəzinə onları belə kiçik yaşda tamaşalara gətirirlər? Bəs valideynlər özləri niyə teatlara gedirlər? Müasir həyatının bizə gətirdiyi bir sıra üstünlüklərlə əlaqədar olaraq insanlar bir sıra yerlərdə maraqlı vaxt keçirə bilərlər. Amma Doğan Cücəloğlunun “Başarıya götürən ailə” kitabında da deyildiyi kimi (red: Bu kitab barəsində növbəti məqalələrimizin birində bəhs edəcəyik) əgər uşağınızın nəsə etməyini istəyirsinizsə bunu ilk olaraq özünüz edin. Kitab oxumasını istədiyiniz uşağın yanında kitab oxuyun, mənəviyyatını gücləndirmək istədiyiniz uşağı isə mütləq teatrlara aparın.
Teatrların repertuarlarında bir sıra maraqlı tamaşalar mövcuddur. Teatrların öz rəsmi və instagram səhifələrində aylıq repertuar barədə məlumat paylaşılır. Sizlər teatrların kassalarından, həmçinin “Iticket” tətbiqi və ya saytı vasitəsi ilə də teatrlara biletlər əldə edə bilərsiniz.
Sizlərə xoş izləmələr…