İstanbulda keçirilən birinci “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı çərçivəsində keçirilən mükafatlandırma mərasimində türk mədəniyyəti və incəsənətinin inkişafına verdiyi töhfələrə görə Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevaya “Şərəf mükafatı” təqdim olunub.
Mükafatı Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy təqdim edib.
Arzu xanım Əliyeva Bakı Media Mərkəzini bu yüksək mükafata layiq gördüklərinə görə festival rəhbərliyinə təşəkkürünü bildirib: “Azərbaycandan ən xoş arzuları sizə çatdırıram. Bu yüksək mükafatı almaq mənim üçün böyük şərəfdir. Buna görə sizə dərin təşəkkürümü bildirirəm”.
Festivalda təqdim olunan “BİZ” filmi Qarabağ Zəfərinə həsr olunub.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivala ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan 100-dən artıq kinematoqrafçı, ümumilikdə isə 1000-dən çox qonaq qatılıb.
Azərbaycanın milli film sənayesinin də geniş təmsil olunduğu tədbirdə ölkəmizdə audiovizual məhsulların istehsalı sahəsində aparıcı mövqeyə sahib Bakı Media Mərkəzinin “Miras”, “Son Iclas”, festivalın bağlanış mərasimində isə “BİZ” filmi festivalın geniş auditoriyasına təqdim edilib.