Yeni il ərəfəsində hər bir kinoman, baxa biləcəyi filmlərin siyahısını tərtib etməyə başlayır. Bəs Siz hansı filmlərə baxmağı planlaşdırırsınız? Hər il eyni filmlərə baxmağı sevirsiniz yoxsa bu il yeni filmlərin axtarışındasınız? Əgər seçiminiz yeni filmlərdən yanadırsa, Sizə ən yeni, noyabrın 5-i izləyicilərə təqdim olunmuş “Lovehard” filmini məsləhət görərdik.
“Lovehard” filminin final səhnəsi əslində hadisələrin dinamik inkişafı fonunda gözlənilən formada yazılıb. Amma buna baxmayaraq Yeni il ab-havasında, romantik komediya janrında, stressdən, gərgin səhnələrdən uzaq axıcı bir filmə baxmaq istəsəniz bu filmi mütləq dəyərləndirin.
Son zamanlar Netflix platformasında “Squid Game”, “You” kimi gərgin və ağır ssenarisi olan filmlər çox sevilir. Amma zənnimizcə bəzən bu cür psixoloji şiddətin ön planda olduğu kinolara fasilə vermək lazımdır və bu fasilədə “Lovehard” filmini izləsəniz heç peşman olmazsınız.
Doğrudur, illərcə hamı tərəfindən sevilərək izlənən “Evdə tək başına” və ya başqa məşhur yeni il konseptli filmlər qədər çox uğurlu ssenari olduğunu deməsək də, romantik ruhlu gözəl bir film izləyəcəyinizə söz verə bilərik.
Odur ki, hamınıza, xüsusilə Nina Dobrev fanlarına bu filmdə xoş izləmələr diləyirik.