“Last Christmas”: Bir yeni il möcüzəsi

#film #lastchristmas
1 Shares
1
0
0
0
0

“Lovehard” filminə dair məqaləmizin sevilməsindən ilhamlanaraq Sizlərə növbəti yeni il konseptli filmin təhlilini təqdim etmək istərdik. Bu dəfə Sizlər üçün həm Yeni il abu-havalı, həm də romantik-komediya janrı ilə bərabər hüznlü səhnələrin də olduğu bir film seçmişik. Keçən məqaləmizdə Nina Dobrev fanlarını sevindirdik, bu məqaləmizdə isə “Game of Thrones” serialı ilə tamaşaçıların qəlbində “taxt qurmuş” Emilia Klarkın baş rolunda olduğu “Last Christmas” filmini “spoiler” vermədən təhlil etməyə çalışacayıq.

Filmdə Emilia Klark Katarina adlı bir qızın obrazını canlandırır. Katarinaya çox ağır xəstəlik nəticəsində ürək transplantasiyası edilir və o, sağaldıqdan sonra yeni il oyuncaqları satan bir mağazada Santa adlı bir qadının yanında işləməyə başlayır. Lakin onun arzusu mahnı ifa etməkdir. Buna görə də Katarina vaxt edə bildikcə musiqi yarışlarına qatılır, lakin hər dəfə uğursuz nəticələr əldə edir. O elə fikirləşir ki, ürəyi dəyişdirilərkən bütün oxumaq qabiliyyəti də onunla birlikdə gedib. 
Katarinanın ailəsi ilə münasibətləri və şəxsi həyatı da yolunda deyil. Ailəsi Yuqoslaviyadan miqrasiya etdikdən sonra anası depressiya yaşayıb. Katarinanın xəstəliyi ilə anası onun baxımı üçün özünü ələ almış, onun sağalması üçün hər şey etmişdir. Lakin qızı sağaldıqdan sonra yenidən əvvəlki vəziyyətinə dönür. 

Katerina da ailəsinin yaşadıqlarından, öz xəstəliyindən travma alır, anasının artıq mənasızlaşan narahatlıqları onu o qədər sıxır ki, evə də getmək istəmir. 

Amma onun həyatında mühüm bir dəyişiklik olur. İşlədiyi mağazada təsadüfi olaraq pəncərədən Tom (aktyor: Henri Qoldinq) adlı bir oğlanı görür. İlk baxışda onu bəyənmədiyini desə də getdikcə ona bağlanmağa başlayır və hər yerdə gözləri onu axtarır. Amma Tomun bəzi xüsussiyyətləri Katerinaya qəribə gəlir. O, bəzən günlərcə itir və sonradan yenidən gəlir.

Bunlar Katarinaya qeyri-adi görünsə də o bu gizəmli oğlanı getdikcə daha çox sevməyə başlayır. Tom isə ona arada məsafə saxlamalı olduqlarını deyir. Katarina Tomun bu münasibətinə görə çox kövrəlir, lakin onun məsləhətlərini bir-bir etməyə başlayır.

Nəhayət onun həyatı yaxşıya doğru dəyişir. Tomun ona dediyi kimi “qurban” rolu oynamaqdan vaz keçir və həyatının məsuliyyətini öz üzərinə götürür. Başqalarına kömək əli uzadır ki, bununla həm də özünə kömək etmiş olur və həyatı tamamilə dəyişilir. Amma Tomun daim harasa getməyi, görünməməyi onu narahat etməyə davam edir.

Final səhnəsində həqiqətən də çox təəccüblənəcəyinizi əminliklə deyə bilərik. Əlbəttə diqqətli tamaşaçılar bəzi səhnələrdən sonra bu finala bənzər proqnozlar verərək filmin necə sonlanacağını bəlkə də təxmin edə bilərlər. Amma bu finalı dəqiq proqnoz etmək həqiqətən də mümkünsüzdür. Filmin finala qədərki səhnələri də maraqlıdır, ancaq son səhnələr sanki ayrı bir filmin də mövzusu ola biləcək qədər möhtəşəmdir.

Bizə bu gözlənilməz sonluq “Şouşenkdən qaçış” filmini xatırlatdı. Düzdür bu iki filmi müqayisə etmək bir qədər haqsızlıq olardı, amma “Last Christmas” Yeni il ərəfəsində şiddətlə tövsiyə edəcəyimiz gözəl bir filmdir.

Xoş izləmələr…

Həmçinin, bəyənə bilərsiniz