He was my North, my South, my East and West,
My working week and my Sunday rest.
Bazar günü həftənin sonuncu və ən qayğısız günüdür. Uşaqlıqdan bazar günlərinin xüsusi enerjisi olub mənə görə. Bütün ailə üzvlərinin evdə olduğu və istirahət etdiyi gün. Bəlkə də atalar televizorun qarşısından durmur və ya həyətdə nəsə iş görür, evə isə yalnız çay içməyə gəlir. Bəlkə də qalın geyinib lap elə həyətdə də çayını içir. Analar ev işlərini görür və dadlı yemək hazırlayır.
Bazar günləri yeməkləri istədiyiniz vaxt yemək kimi lüksunuz var. Nə işlər, nə də dərslər buna maneə ola bilmir. Sanki ən dadlı və sevimli yeməklər bazar gününü gözləyir. Bütün həftənin yorğunluğunu və qayğılarını unutdurur bazar günü saat ən azı 09.00-a qədər olan yuxu. Həftənin sonuncu günü gəlmir, o bizi aparır öz qayğısız, rahat, dinc dünyasına. Bəzən qonaqlı və səs-küylü keçir bazar günləri.Bunun belə xüsusi aurası var məncə. Amma bazar günü axşamları bizə aiddir. Yeni həftəyə hazırlanmağa başlayırıq və yavaşca bazar günü öz sehrini itirir.
Bəzən həyatımızda da bizə bazar günü hisslərini yaşadacaq insanlar olur. Bu rahatlıq və qayğısızlığı öz varlıqları ilə həftənin hər günü daşıyırlar. Bəs bir insanı bazar günü istirahəti qədər səmimi və rahat, hüzur dolu təsvir etmək hansı şairə aiddir?
Yəqin ki, W.H.Auden-nin də həyatında ona bu hissləri qələmlə təsvir edəcək qədər dərindən yaşadan birisi var idi.
W.H.Auden (1907-1973) – İngilis əsilli, 20-ci əsrin ən yaxşı şairlərindən sayılır. Şeirləri əsasən intellektual lirika, dini, ve siyasi mövzularda idi. 1930-larda çoxlu kritikaya məruz qalmışdır və “enfant terrible” adlandırılmışdır. Buna baxmayaraq bəzi qaynaqlara görə Auden, mübahisəsiz ustaddır.
Audenə görə sözlər onda insanlardan daha coşqulu və dərin hisslər oyadıb həmişə, və sözlərin ona təsiri çox güclü olub.
Yuxarıda yazılan hissə isə Audenin “Funeral Blues” şeirindəndir. Azərbaycan dilinə qeyri-professional tərcüməsini “Cənazə melanxoliyası” olaraq edərdim. Şeir ilk öncə satirik janrda yazılmışdır. Qeyd etdiyim mənim üçün çox təsirli bəndləri isə əslində şeirə sonradan əlavə olunmuşdur. Hal-hazırda da bəzən cənazələrdə əzizlər tərəfindən deyilir. Hətta Hugh Grant-ın çəkildiyi “Four Weddings and a Funeral” filmində də cənazə səhnəsində bu şeir sevgilisini itirən Matthew tərəfindən səsləndirilir.
Şeirdə əzizini itirmiş insan ilə dünya arasındakı bağlantını göstərir məncə. Daha doğrusu qopan bağlantını. Üzgün şair dünyanın dayanmağını, həyatın öz axarı ilə getməməyini istəyir, onun itkisinə hörmət edilməyini və ona təskinlik verilməyini istəyir. Bəzən sevdiyimiz birini itirəndə və ya onun haqqında neqativ bir xəbər alanda “dünya başıma yıxıldı” ifadəsini işlədirik. Bu şeirdə isə şair dünyanın heç də yıxılmadığını və dönməyə davam etməyinə qarşı bir növ üsyan edir. Mən bu şeirdən çox təsirlənirəm. Əsasən də yuxarıda qeyd etdiyim iki misrasından. Auden itirdiyi əzizini “He was my North,my South, my East and West” olaraq təsvir edir. Bunu isə şairin dünyasının həmin adamın ətrafında döndüyünü və kompasda olan bütün səmtlərin ona apardığını göstərir. Amma əzizini itirdiyi kimi öz istiqamətini də itirmişdir.
İzləmək üçün link : https://youtu.be/DDXWclpGhcg
Çox təəssüf ki, şeirdə təsvir olunan hislər həyatımızın hansısa bir anında hər kəsin rastlaşacağı emosiyalardır. Yaşanan üzüntünü isə bu qədər zərif və güclü bir şəkildə W.H.Auden ifadə edib.
Şeirin tam orijinal versiyasını oxumaq istəyənlər üçün link: https://allpoetry.com/Funeral-Blues
Xoş oxumalar!