Sizlər üçün yenicə – 21 yanvar tarixində tamaşaçılara təqdim edilmiş “Babamın kemanı” (“Atamın skripkası”) adlı Netflix filmini təhlil etməzdən əvvəl bildirmək istərdik ki, yeni ilin gəlişi ilə əlaqədar verdiyimiz qısa bir arada tanış olduğumuz çox maraqlı filmlər, kitablar barəsində Sizlərə bəhs etmək üçün çox səbrsizlənirik. Siz də şəxsi inkişafınızı, intellekt səviyyənizi təkmilləşdirmək istəyənlərdənsinizsə, gözünüz bizdə olsun. Odur ki başladıq!
Baş rollarında Engin Altan Düzyatan, Belçim Bilgin kimi aktyorların çıxış etdiyi “Babamın kemanı” (“My father’s violin”) filminin süjet xətti əslində pozitiv notlarla başlayır. Atasının yanında çalğıçılarla bərabər musiqi ifa edən balaca qızcığaz heç nəyə baxmayaraq xoşbəxtdir, lakin çox keçmədən o atasını ölümcül xəstəlik nəticəsində itirir və bütün hadisələr məhz bundan sonra başlayır.
Filmdə baş rollardan birini də aktrisa Belçim Bilgin ifa edir. Çoxlarımızın “Aşk tesadüfleri sever” filmindən tanıdığımız bu aktirsa zənnimizcə ifa etdiyi obrazın kifayət qədər haqqını verə bilmədiyindən bu obraz filmdə əsas qüvvə olaraq görünmür. Aktrisanın çox hüznlü səhnələrdə olan zəif performansı onun obrazının hiss və həyəcanlarının tamaşaçıya keçməsinə mane olur.
Balaca qızcığazı canlandıran azyaşlı aktrisa Gülizar Nisa Uray Özləm obrazını ifa edir. Bildiyimiz kimi türk serial və filmlərində azyaşlı baş rol ifaçıları son dövrlərdə ən az məşhur aktyor və aktrisalar qədər göz önündədirlər. Lakin bəzi uşaq aktyor və aktrisalar yaşlarının az olması ilə əlaqədar rollarını tam dərk edə bilmirlər.
Bunlar arasında “Öyle bir geçer zaman ki” serialından yaxşı tanıdığımız Ömer Berke (Osman obrazı) kimi kiçik yaşlı, lakin professional aktyorlardan seçilməyən aktyorlar da var. Lakin fikrimizcə, “Babamın kemanı” filmində Özləm obrazı da Belçim Bilginin canlandırdığı obraz kimi tamaşaçıya kifayət qədər ötürülə bilmir. Əlbəttə bunu Gülizar Nisanın azyaşlı olması ilə bağlı güzəştə getmək olar, amma filmin ümumi axıcılığına mənfi təsirini demədən də keçə bilmərik.
Filmi ümumi dəyərləndirilməli olsaq, həm zövqoxşayan musiqi, həm də ssenariyə görə “Babamın kemanı” filminə baxmaq olar. Lakin əsasən aktyor seçimlərinin kifayət qədər uğurlu olmaması səbəbilə filmdə tamaşaçıya çatdırılmaq istənilən fikir, duyğu və düşüncələr kifayətsiz qalmışdır. Daha uğurlu aktyor seçimləri ilə adıçəkilən filmi daha baxımlı hala gətirmək heç də çətin olmazdı. Bütün bu mənfi və müsbət cəhətləri nəzərə alaraq filmə baxıb-baxmamaq seçimini Sizin öz inisiativinizə buraxırıq.
Baxacaq olanlara indidən xoş seyirlər…