“İSGƏNDƏRə yeni NAMƏ”: Azərbaycan səhnəsində möhtəşəm performans

#teatr #tamaşa
1 Shares
1
0
0
0
0

Yəqin Sizə də hansısa kitabı oxuyanda və ya filmə baxanda hadisələrin əks istiqamətdə inkişaf edəcəyi halda ssenarinin necə dəyişəcəyi maraqlı olub. Hətta bir çox ssenaristlər bunu nəzərə alaraq paralel dünyalarda seçimlərimizlə hadisələrin necə dəyişəcəyini bizə göstərirlər. Netflix platformasında ən çox izlənilən türk filmlərindən biri olan “Atiye” filmində də biz baş qəhrəmanın seçimləri ilə paralel dünyalardakı hadisələrin inkişafının şahidi oluruq.

Məqaləmizdə təhlil edəcəyimiz “İSGƏNDƏRə yeni NAMƏ” tamaşasında da Nizaminin “İsgəndərnamə”sinə yeni nəfəs verilib. Belə ki, “Nizami Gəncəvi ili” çərçivəsində hazırlanmış bu tamaşada invariantda olduğundan fərqli olaraq İsgəndər axtardığı dirilik suyunu tapır, Nizaminin möhtəşəm əsərindən fərqli istiqamətdə irəliləyən səhnə əsərinə yeni bir can verilmiş olur. Burada məqsəd səhnədə yenilik yaratmaq, Nizaminin köhnəlməyən fəlsəfəsini müasir səhnədə fərqli bir formatda təqdim etməkdir. Ümumilikdə isə tamaşa  “İsgəndərnamə” poemasının motivləri əsasında hazırlanmışdır.

Bildiyimiz kimi poemada İsgəndər dirilik suyunu tapa bilmir və dünyadan köçür. Dirilik suyunu tapan Xızır isə onu içib qiyamətə qədər qeybə çəkilir. Tamaşada isə İsgəndərə dirilik suyunu içmək qismət olur. Əslində uzun illərdir Nizami filosofları bunu hər daim təhlil etmiş, İsgəndərin dirilik suyunu içərsə dünya üçün faciəvi ola biləcəyini bildirmişlər.

İsgəndər obrazı isə poemanın müxtəlif hissələrində dirilik suyunu içərsə, dünyada ali ədaləti bərqərar edəcəyini bildirir. Tamaşanın yaradıcılarına görə, insan əbədi həyatın yükünü çəkə bilməz. Hətta tamaşada xalq artisti Nurəddin Mehdixanlının canlandırdığı Hörmüz obrazı insanın Tanrı ola bilməyəcəyini çox təsiredici şəkildə dəfələrlə vurğulayır.

Tamaşada bütün aktyor və aktrisalar çox uğurlu  çıxış edirlər. Hətta çox gənc aktyor və aktrisaların səhnə pərformansı o qədər təsiredicidir ki, onların bəzilərini xüsusi vurğulamaq istərdik. Yüksək səhnə peşəkarlığı ilə seçilən aktyorlardan biri də Ziya Ağadır. Aktyor gənc olmasına baxmayaraq yüksək peşəkarlıqla İsgəndər obrazını ifa edir. Belə ki, o, səhnədə məşhur xarici aktyorların səhnə ifasına bərabər ifa nümayiş etdirir. Yüksək bacarıqla hazırlanmış səhnə tərtibatı ilə aktyorun obrazının haqqını tam verməsi vəhdət təşkil edərək tamaşaya olan marağın bir an olsa belə azalmasına imkan vermir.
Tamaşada xalq artisti Nurəddin Mehdixanlının səhnələri də xüsusi marağa və alqışlara səbəb oldu. Əlbəttə uzun illərin təcrübəsi öz sözünü dediyinə görə xalq artistinin səhnə peşəkarlığının təhlilə belə ehtiyac duymadığını qeyd etmək istərdik.
Yazıçı-dramaturq İlqar Fəhmi, quruluşçu rejissor, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin birgə işi olan bu tamaşada həmçinin adını çəkmədiyimiz digər aktyor və aktrisalar da yüksək səviyyəli ifaları ilə göz oxşadılar. 
Son olaraq AMP komandası olaraq bildirmək istərdik ki, bir tamaşaçı kimi səhnə əsərindən çox razı qaldıq. Səhnə tərtibatından aktyorlara, ssenariyə qədər hər bir nüansı xüsusi düşünülmüş bu tamaşada artıq Azərbaycan teatr səhnəsinin yüksək inkişafını görməmək mümkün deyil. Bu da hər birimiz üçün çox sevindirici haldır. Çünki teatrın inkişafı cəmiyyətin inkişafına, gələcək nəsillərin intellektual və mənəvi cəhətdən rifahına səbəb olur. Ona görə “İSGƏNDƏRə yeni NAMƏ” tamaşasının ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk. Belə davam edin,dostlar, yolunuz uğurlu olsun!
Sizləri isə əziz oxuyucularımız teatr zallarını boş qoymamağa, davamlı inkişafınız üçün teatrlarımızı unutmamağa çağırırıq…