Hər birimiz muzeyə gedərkən heç bir yerdə görmədiyimiz qeyri-adiliyi, qədimiliyi və yaxud sadəcə gözəlliyi ilə bizim diqqətimizi cəlb edən əşyalarlar ilə rastlaşırıq. Onların bəziləri digərlərindən həm də az sayda olması ilə fərqlənir. Bunlara nadir eksponatlar deyilir.
Məqaləmizdə bir neçə nadir eksponat haqqında az da olsa məlumat verməyə çalışacağıq.
Miniatür “Əyləşmiş musiqiçi oğlan”
Gördüyünüz bu eksponat Azərbaycan Milli İncəsənət Muzeyində qorunur. Təəssüf ki, XVIII əsrə aid bu rəsm əsərinin kim tərəfindən çəkildiyi məlum deyil. Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur.
Məlumdur ki, XVIII-XIX əsrlərdə əlyazma və daş çapı kitablarına çəkilmiş miniatürlər rəsm, kompozisiya və koloritinə görə bəsit, sxematik xarakter daşıyırdı. Elə bizim rəsmdə öz sadəliyi ilə insanın diqqətini ilk cəlb edən xüsusiyyətlərdən biridir. Rəsmdə biz sadəcə çiçəklər arasında əlində saz ilə əyləşmiş gənc musiqiçini görürük və bu bizdə heyranlıq hiss yaratması üçün kifayətdir.
Maska
Azərbaycan Milli İncəsənət Muzeyində qorunan XVIII əsr aid daha bir nadir eksponat bu sirli maskadır. Metaldan düzəldilmiş bu maska böyük ehtimal koronodan qorunmaq üçün yox, canlı düşmənlərə qarşı döyüşlərdə istifadə olunurdu.
Əlçək
XIX əsrə aid bu nadir eksponatlar Qarabağda ipək parçadan hazırlanıb. Təkəlduz üsulu ilə tikilmiş bu əlcəklər ilk baxışdan rus nağıllarından bizə tanış olan “varejki” əlcəklərini xatırladırlar. Burda həmçinin qızılı və ya gümüşü saplardan istifadə edilməklə icra edilən güləbətin tikmə üsulunu da görmək olar.
Xurşudbanu Natavanın gül dəftəri
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində qorunan XIX əsr Azərbaycanın görkəmli şairəsi Xurşudbanu Natavanın qəzəlini yazıldığı bu kağıza bir baxın. Sizcə də möhtəşəm deyildir mi? Xurşudbanu Natavanın öz xətti ilə yazılmış bu sözlər insanda heyranlıq hissi yaradır. Sizcə burda nə yazılılb?
Tərcüməni təqdim edirik:
Ey güli-süsən, səni bir Natəvan çəkmiş məgər?
Bir məhi-aliməqamə bəndüvan çəkmiş məgər?
Bəylə tarik rənglə girmiş o, qəsrə bilməyib,
Sililər rüxsarına ol bağiban çəkmiş məgər?
Çünki bu gülşəndə sərgərdan gəzənlər çoxdu, çox,
Ol səbəbdən pasibani-xoşnişan çəkmiş məgər?
Rəngi-buyindən, müzəyyəndir büsati-bəzmi-gül,
Xameyi-nəqqaşi-qüdrət gülsitan çəkmiş məgər?
Bu qədər lütfü nəzakət kim, sənin hüsnündədir,
Lütfü-təbilə səni ol Natəvan çəkmiş məgər?
Bu və digər eksponatlarla tanış olmaq üçün sizi muzeyləri ziyarət etməyi dəvət edirik.
Bu məqalə museum.az saytının materialları əsasında hazırlanmışdır.
Hörmətlə,
Müəllif.