Bu gün Art Magazine Project yeni bir qapı açır, biz artıq sadəcə öz düşüncələrimizi deyil, həm də bizi və başqalarını ilhamlandıran, bizim kimi mədəniyyət və incəsənət aşiqi olan parlaq ruhları da dinləmək və paylaşmaq istəyirik!
Bu yolda bizə dəstək olan hər bir izləyicimizə təşəkkür edirik, çünki məhz sizin dəstəyinizin nəticəsidir ki, biz dayanmadan çalışır, yeni ideyalar ilə hər gün daha çox böyüyür və səsimizi daha çox insana çatdırırıq!
Bundan sonra bütün müsahibələrimizi “Inspired” (ilhamlanmış) rubrikası altında oxuya bilərsiniz.
Böyük qürur və həyəcanla ilk qonağımızı sizə təqdim edirik.
Ceyran Cəfərova: retro musiqi aşiqi olan gənc sənətçi
Sualları hazırladı: Türkan Murad
Türkan: Salam Ceyran, ilk öncə təklifimizi qəbul edib bizə müsahibə verməyə razı olduğun üçün Art Magazine Project komandası və izləyicilərimiz adından sənə təşəkkür edirik!
Bu bizim ilk müsahibəmiz, sən isə ilk qonağımızsan, bu səbəbdən əminik ki, bu gün verilən suallar və cavablar gələcəkdə bizim üçün ən xoş xatirələrdən biri olacaq.
Söz sənindir. Bizə bir az özündən danış.
Ceyran: Hər kəsi salamlayıram. Mən Ceyran Cəfərova, 22 yaşım var. Master dərəcəsində oxuduğum üçün özümü yəqin ki, hələ də tələbə adlandıra bilərəm. Özümü tanıyandan musiqi həyatımın ayrılmaz parçası olub və bunu anamın da musiqiyə çox bağlı olub mənim elə öz nəğmələri ilə böyütməsi ilə əlaqələndirə bilərəm.
Türkan: Musiqin nə haqqındadır?
Ceyran: Adətən ifaçılara bu sualı tez-tez verirlər və hər birinin ifalarında, musiqi seçimlərində xüsusi tərz yaxud mövzu olur. Məndə bu nəğmələrin həmin anda hisslərimə toxunması ilə əlaqəli olur. Məsələn üzərimdə çox məsuliyyət olduğu anlarda daha depressiv, hava günəşli və mən enerjili olanda daha enerjili musiqilərə həm qulaq asıb həm də ifa etməyə üstünlük verirəm. Düzü əksər insanlarda bu mexanizm əksinə işləyir, yəni buludlu havalarda yaxud məsuliyyətləri çox olduğu zamanlarda dinamik nəğmələri dinləyib onunla enerji toplamağa çalışırlar, amma niyəsə məndə hava və əhvalımda musiqi mütləq assosiyasiyada olmalıdır.
Türkan: Mənim üçün retro çox gözəl komfort duyğusu yaradan bir yerdir. Köhnə mahnıları dinləyərkən özümü təhlükəsizlikdə hiss edirəm. Bəs sənin üçün retro nədir?
Ceyran: Mən tarixi çox sevirəm, buraya tarix həm fənn, həm konsept kimi daxildir. Retro musiqilər isə mənə heç vaxt görmədiyim dövrün düşüncəsini, insanların musiqi zövqünü, bacarığı ümumilikdə desək dünyaya baxış tərzini tanıtmağa kömək edir. Eynisini rəssamlara, dizaynerlərə, yazarlara – yaradıcılığın bütün növlərinə şamil etmək olar. Yaradacılıq insanın daxili dünyası, düşüncələrini özündə əks etdirən və hər kəsin özünə aid bir əsəridir və bunun sayəsindədir ki, müxtəlif dövrlərin nəfəsini yaradıcılıq əsərlərindən duymaq mümkündür. Eynisini özümün retro musiqilərdən aldığım abu-hava və hiss etdiyim nəfəsi izah etmək üçün istifadə edə bilərəm.
Türkan: Sən oxuyanda hər zaman üzündə çox gözəl təbəssüm olur. Ruhun nə hiss edir bu zaman? Hansı hissləri keçirdirsən?
Ceyran: Təbəssümü hər zaman üzümdə saxlamağa çalışıram, çünki əminəm ki, təbəssüm insanlarda xoş əhval oyatmağa yardımçı ola bilər. Eynisini ifa edəndə də etməyə çalışıram ki, mümkün neqativliklər arasında kiçik bir təbəssüm izləyən kəslərdə xoş əhval yaratsın.
Türkan: Instagram və Youtube səhifələrindəki videolarda çox isti bir abu-hava var. Bir anlıq gözlərimi bağladım və sənin mənim üçün hardasa ocaq kənarında oxuduğunu təsəvvür etdim. Mənə maraqlıdır ki, evdə, dörd divar arasında belə abu-havanı yaratmağa sənə nə kömək edir?
Ceyran: Açığı bu səhifəni karantin dövründə evdə çox darıxdığım anlarda yaratmışdım və qarşıma qoyduğum məqsədlərdən biri də mənimlə eyni hisləri paylaşan kəsləri virtual da olsa bir araya gətirərək xoş abu-hava yaratmaq idi. Elə sənin dediyin kimi Instagram qarşısında elə xəyal edək ki, biz evdə karantində yox elə birgə haradasa ocaq başında yığışıb vaxtımızı xoş keçiririk.
Türkan: Niyə artıq belə mahnılar yazılmır?
Ceyran: Deməzdim ki, artıq belə mahnılar heç yoxdur. Sadəcə olaraq indi çox insanın əlində musiqi istehsal emək üçün imkan var və buna görə də daha çox insan öz işini ortaya qoyur. Nəticədə bizim görə biləcəyimiz minlərlə mahnılar var ki, aralarından bizə uyğun olub, qəlbimizə yatanı seçmək bizim üçün çətinləşir.
Türkan: Səsində qəribə bir şirinlik var. Əsl Azərbaycan qadınının məlahətli ifası hiss olunur səndə. Bunu necə edirsən?
Ceyran: Mənim fikrimə görə əsl Azərbaycan estradası hansını ki, bütün dünyada qürurla səsləndirə bilərik cazz-muğam sintezidir. Bu tərzdə nəğmələri dinləməkdən elə uşaqlıqdan zövq almışam. Bunun səbəidir ki, hər zaman özüm də ifa edəndə məlahətli, həm də sırf bizə məxsus boğazları etmək üzərində çalışmışam və görünən qədər bu məndə o qədər də pis alınmayıb.
Türkan: Nə izləyirsən, nə oxuyursan? Mənə maraqldır ki, bu ifalar yaranmazdan əvvəl sənə nə ilham verir?
Ceyran: 21-ci əsrin gənci olmağıma baxmayaraq Hollywood Golden Age, ağ-qara filmlərin böyük pərəstişkarıyam. Demək olar ki, dinlədiyim mahnılar hamısı da köhnə, yaddan çıxmış mahnılardır. Sizə deyim ki, tam unudulmuş hansısa möhtəşəm mahnını kəşf edəndə özümü necə xoşbəxt hiss etdiyimi ifad’ edə bilmirəm. Bu da mənim, mənə maraqlı yaşam tərzimdir deyə bilərəm.
Türkan: Mahnıları doğrudanda yaşayaraq oxuyursan. Yaşadıqların mı sənə belə güc verir?
Ceyran: Etiraf edim ki, ifa etdiyim mahnıların əksəriyyyətinin mənm yaşadıqlarım və həyatım ilə əlaqəsi yoxdur, amma ifa edən zaman özümü həmin rola girmiş aktrisa kimi hiss edirəm və rolumu necə lazımdır canlandırmağa çalışıram.
Türkan: Mən istəyirəm ki, mən, sən və hamımız daha çox mədəniyyət və incəsənət haqqında danışaq və bunu doğrudanda yaşadaq. Niyə bəzən bu çətin olur? İncəsənəti anlamaq çətindir mi?
Ceyran: Hər kəsin özünün daxili incəsənəti var və hər kəs öz dünyasında yaradıcıdır. Sadəcə olaraq bizlərin anlayışına görə mövcud olan incəsənət digərlərininki ilə üst üstə düşməyə bilər. Açıq etiraf edim ki, standartlar və stanartlaşmaya meyilli mühitlərdə incəsənət ələxsus da yaradıcılıq ilə məşğul olmaq demək olar ki, mümkünsüz olur. Təəssüf ki, bu gün bizim cəmiyyətdə həmin standartlaşmaya meyil çox böyükdür və fərqlilik göstərməyə çalışan insanları qınamağı niyəsə xoşlayırlar. Məncə hər kəs individual olaraq öz həyatına fokuslansa və hər kəsi olduğu kimi qəbul etməyə açıq olsa yaradıcı kəslərin də sayında artımı özümüz müşahidə edə biləcəyik.
Türkan: Fridrix Nitsşe deyirmiş ki, musiqini eşitməyənlər üçün rəqs edən insanlar kənardan dəli kimi görsənirdi.
Ceyran: Nitşse çox düzgün qeyd edib və deyərdim ki, yuxarıda “hər kəsin öz yaradıcılıq dünyası var” arqumentimə çox yaxşı dəstək verən misal oldu.
Türkan: Suallarımıza cavab verdiyin üçün sənə təşəkkür edirəm. Sonda yenə söz sənindir.
Ceyran: Əsas mən minnətdaram ki, bu cür axıcı, əlaqədar suallar ünvanladın. Mən cavab verərəkən suallardan zövq aldım və məni özüm haqqında da düşünməyə vadar etdi. Bir daha minnətdaram!