Bu dəfə komandamız Müasir İncəsənət muzeyinə baş çəkdi. Muzeydə avanqard rəsm və heykəltəraşlıq əsərləri nümayiş etdirilir. Burada bir sıra məşhur yerli və xarici rəssamların əsərləri ziyarətçilərə təqdim olunur. Səttar Bəhlulzadə, Tahir Salahov, Tağı Tağıyev, Elmira Şaxtatinskaya kimi yerli, Salvador Dali, Pablo Pikasso kimi xarici rəssamların sənət nümunələri göz oxşayır.
Müasir İncəsənət Muzeyində əsərlərlə bərabər muzeyin öz memarlığı və dizaynı da xüsusilə seçilir. Bu konsepsiyanın müəllifi rəssam Altay Sadıxzadədir. Muzey ikimərtəbəlidir və burada qapalı otaqlar yoxdur. Müəssisənin dizaynı ümumilikdə bəyaz rəngdə işlənmişdir ki, bu da onun daha geniş və fərah görünməyinə səbəb olur.
Muzey özü-özlüyündə bir avanqard incəsənət nümunəsidir. Belə ki hətta mərtəbələri birləşdirən pilləkən belə xüsusi bir gözəlliyə malikdir və bizə verilən məlumata əsasən, “Unudulmuş pilləkən” obyekti olaraq bilinir.
Muzeydə olan bir sıra əsərləri AMP komandası olaraq xüsusilə bəyəndik. Bunlardan bəzilərini sadalamaq istərdik: Pərviz Cəfərov – Tiffanidə qəhvəaltı, Oqtay Sadıqzadə – Elmira Şaxtatinskayanın portreti, Soltan Soltanlı -Qarşılıqlı asılılıq və digərləri.
Muzeydə öz dəsti-xətti ilə seçilən əsərlərdən biri də Aida Mahmudovaya aid əsərlərdir. Rəssam kağız, gil, boya, sement, daş, epoksi qatran və işlənməmiş mərmər kimi müxtəlif materialları qatlar şəklində qarışdıraraq istifadə edir. Bu da onun əsərlərinin xüsusilə seçilməsinə səbəb olur.
Müasir İncəsənət Muzeyinin ekspozisiyasının əsasını XX əsrin II yarısından bu günə qədər Azərbaycan avanqardının ən yaxşı rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Muzeyin rəsmi saytında (www.mim.az) da qeyd olunduğu kimi buranın ekspozisiya müşahidələr, axtarışlar və insan ruhunun azadlığını təmsil edir.
Muzey ziyarətimizi ümumiləşdirərək qeyd edək ki, bura insanın ruhunu oxşayır. Həqiqətən də keyfiyyətli,maraqlı və səmərəli vaxt keçirmək istəyənlər üçün bu muzey əla seçim ola bilər. Maraqlanan izləyicilərimiz üçün bildirək ki, Müasir İncəsənət Muzeyində 9 aprel – 9 may tarixlərində Azərbaycanın Xalq Rəssamı, professor Cəlil Hüseynovun 65 illik yubileyi ilə əlaqədar “Ağ kölgə” adlı fərdi sərgi təqdim olunur. Sərgidə rəssamın müxtəlif janrlarda yaratdığı 70-ə yaxın seçilmiş əsərləri sərgilənir.
Əziz oxuyucularımız, bu sərgiyə və Müasir İncəsənət Muzeyinə baş çəkməyi sizlərə tövsiyə edir, geri dönüşlərinizi, fotolarınızı səhifəmizi işarələyərək paylaşmağınızı gözləyirik.
İlk şəkil komandamızın müəlliflərindən biri Nəzifə Mürsəlovadan gəldi, sıra Sizdədir.
Xoş istirahətlər…