Salam, əziz oxucu!
“Inspired” rubrikasının may ayının qonağını təqdim etməzdən əvvəl səni çox da uzaq olmayan keçmişə aparmaq istəyirik.
Əgər layihəmizin ilk günlərindən bizi izləyirsənsə, o zaman çox güman ki, ilk günlərdə fotoqrafiya həvəskarı haqqında yazdığımız məqaləni xatırlayırsan. Bizə sonradan qoşulanlar üçün məqalənin linkini təqdim edirik Привет, весна!
Hələ o zamanlar biz bu gənc fotoqrafın istedadına inanmış və ilk addımlarımızı onun yaradıcılığını təsvir etməklə başlamışdıq. Elə bu səbəbən “Inspired” rubrikamızda da bu ənənəyə sadiq qalmaq üçün həvəskar foto-bloqer Nilufər Talıbovaya ondan müsahibə almaq arzumuzu bildirdik, o da razı oldu! (Necə deyərlər, “She Said Yes!”).
Böyük qürur və həyəcanla may ayının qonağını sizə təqdim edirik.
Nilufər Talıbova: dünyanı olduğu kimi göstərən fotoqraf
Sualları hazırladı: Türkan Murad
Türkan: Salam, Nilufər, müsahibə verməyə razı olduğun üçün sənə təşəkkür edirəm. İlk gündən bizdə belə bir adət yarandı ki, müsahibəyə qonağın sözləri ilə başlayırıq. Odur ki, söz sənindir. Bizə bir az özündən danış.
Nilufər: Salam, Türkan, səni və oxucuları salamlayıram. Mən, Nilufər Talıbova, həvəskar olaraq fotoqrafiya ilə məşğul oluram. Yaşadığım Bakı şəhərinin, həmçinin ölkəmizin regionlarının və səyahət etdiyim ölkələrin gözəlliklərini çəkib @nilufertalibova İnstaqram profilimdə paylaşıram. Fotoqrafiya ilə yanaşı, musiqiyə, səyahətə, psixologiyaya, tibb sahəsinə marağım var.
Türkan: Özün də qeyd etdiyin kimi, yaradıcılığın bir çox sahələri ilə maraqlanırsan, amma ilk öncə fotoqrafiyaya olan marağın haqqında danışmağını istəyirəm. Çünki səni çoxdan tanısam da, heç bu barədə soruşmamışam. Bu maraq necə yarandı, ilk fotonu necə çəkdin?
Nilufər: Təbiətə hər zaman marağım olub, getdiyim yerlərdə öz şəklimi yox, mənzərələrin şəklini çəkib saxlamışam. Ümumiyyətlə, gözəl hesab etdiyim yerlərin şəkillərini çəkirdim, amma onlar sadəcə telefonumun yaddaşında qalırdı. 2015-ci ildə fotoqrafiyaya güclü maraq yarandı, ölkəmizin gözəlliklərini çəkib paylaşan fotoqrafları və həmin fotoqrafların işlərini paylaşan səhifələri izləməyə başladım. Onları izlədikcə, öz çəkdiyim şəkilləri də paylaşmaq həvəsi yaranırdı və beləliklə, bir gün İnstaqramda “İnstaölkəm” (@instaolkem) adlı səhifəyə çəkdiyim Heydər məscidinin şəkilini göndərdim. Düzünü desəm, şəklin səhifədə paylaşılacağına inanmırdım. Şəkil səhifədə paylaşıldıqda çox sevindim və telefonumun yaddaşında olan digər şəkilləri də dəyərləndirməyə və göndərməyə başladım. Şəkillərim paylaşıldıqca, daha da həvəslənirdim və artıq sırf şəkil çəkmək məqsədilə gəzintilərə çıxırdım. Bir müddətdən sonra düşündüm ki, artıq bu şəkilləri hamının görə biləcəyi açıq hesabdan paylaşmalıyam və beləliklə, İnstaqramda @nilufertalibova profilini yaradıb çəkdiyim şəkilləri orada paylaşmağa başladım (dəqiq tarixi də yadımdadır, 30 aprel 2015-ci il).
Türkan: Şəkillərində daha çox təbiətə yer ayırmısan. Sənə “təbiət fotoqraf”ı deyə bilərik?
Nilufər: Deyə bilərsiniz 🙂 Bu, həm də xoşuma gəlir, çünki təbiət özümü tapdığım yerdir və onun gözəlliyini göstərmək mənə zövq verir.
Türkan: Sən özünü hər zaman həvəskar adlandırırsan. Amma belə düşünsək, bütün yaradıcı insanları birləşdirən bir həvəs var – gözəlliyi təsvir etmək. Şairlər bunu sözlə, rəssamlar boyalarla, fotoqraflar isə foto ilə. Məncə, bu həvəs insana özünü və dünyanı tanımaq şansı verir. Nə düşünürsən?
Nilufər: Tamamilə razıyam. Yaradıcılıq insanın özünü ifadəetmə vasitəsidir. Özünü ifadə edə bilmək üçün əvvəlcə özünü kəşf etməli, tanımalısan. Mən özümü təbiətdə və musiqidə tapıram, buna görə də mənim özümü ifadəetmə vasitələrim təbiət və musiqi ilə bağlıdır. Fotoqrafiya mənim üçün anı əbədiləşdirmək, gözəlliyi olduğu kimi göstərə bilməkdir. Qeyd edim ki, həvəskar olsam da, özümə olduqca tənqidi yanaşıram. Mənə görə, insan bir işlə məşğul olursa, onu ən yüksək keyfiyyətdə etmək üçün çalışmalıdır, bu, həvəskar fəaliyyət olsa belə.
Türkan: Bu yaxınlarda Şuşada olmusan və orada da şəkillər çəkmisən. Sadəcə nə hisslər keçirdiyini danış. Şuşada olmayan biri olaraq, hər xatirə mənim üçün maraqlıdır.
Nilufər: Şuşada olmaq hər bir azərbaycanlı kimi mənim üçün də qürur hissi idi. Yol boyu sərnişinlər Şuşa ilə bağlı xatirələrini bölüşürdülər. Şuşaya yaxınlaşdıqca həyəcan hissi artır, şəhidlərimiz və qazilərimiz üçün dualar oxunurdu. Şuşada həqiqətən mədəniyyətin beşiyində olduğunu hiss edirsən. Cıdır düzü isə heyrətamiz gözəlliyi və füsunkar təbiəti ilə məni valeh etdi, amma bütün bu xoş hisslərlə yanaşı, daxilimdə dərin kədər hissi də var idi. Torpaqlarımızı geri qaytarmaq, bu gözəllikləri canlı görə bilməyimiz üçün şəhid və qazilərimiz həmin ərazilərdə canlarını və sağlamlıqlarını fəda ediblər. Bunu heç vaxt unutmamalıyıq.
Türkan: Məşhur fotoqraflardan biri olan İmojen Kanninqemin belə bir ifadəsi var: “Ən sevdiyim foto sabah çəkəcəyimdir”. Bunu sual olaraq ünvanlamıram, amma bu barədə düşüncələrini bilmək maraqlı olardı.
Nilufər: Daim gələcəyə yönələn və inkişaf etmək istiqamətində düşünən insan olaraq, bu fikirlə razıyam. Səyahəti çox xoşladığım üçün və səyahət etmək istədiyim ölkələrin siyahısı geniş olduğu üçün mən də ən gözəl və uğurlu kadrlarımın hələ qarşıda olduğuna inanıram 🙂
Türkan: Bəs özün hansı fotoqrafları bəyənirsən? İlham aldığın fotoqraf varmı?
Nilufər: Təbiəti çox sevdiyim üçün əsasən təbiət fotoqraflarını izləyirəm. Bunların arasında peşəkar və həvəskar fotoqraflar var. İzlədiyim fotoqraflardan sırf mənzərə, heyvanlar, quşlar, bitkilər, həşəratları çəkmək istiqamətində ixtisaslaşanları da var. Bununla yanaşı, ölkəmizin təbiətini və Bakı şəhərinin gözəlliklərini çəkib paylaşan insanları da maraqla izləyirəm. Deyə bilərəm ki, izlədiyim fotoqrafların hamısından ilham alıram, çünki hansı fotoqraf və səhifələri izləmək mövzusunda seçiciyəm.
Türkan: Bilirəm ki, sən, həm də psixologiya ilə maraqlanırsan. Biz bu barədə səninlə tez-tez danışırıq və səndən çox şey öyrənirəm. Psixologiya və fotoqrafiya sənətini isə “foto-terapiya” birləşdirir. İstəyirəm, bu barədə fikrini bildirəsən. Doğrudanmı “foto-terapiya” mövcuddur?
Nilufər: Bəli, psixologiya mənim ən çox xoşladığım sahədir, çünki insanları “öyrənmək” mənə həmişə maraqlı olub. Bu, həm insan fiziologiyası, həm də psixologiyasına aiddir. “Foto-terapiya” anlayışını ilk dəfə səndən eşitmişdim və düşünürəm ki, kifayət qədər realdır. Hazırda elə dövrdə yaşayırıq ki, stres və neqativ xəbərlər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Mobil telefonlar və sosial şəbəkələrin bir çox müsbət tərəfləri olsa da, kifayət qədər mənfi təsirləri də var. Həyatımızdakı bir çox faktorlarla yanaşı, sosial şəbəkələrin də stresin artmasında rolu artıq sübut olunub. Məhz buna görə, fikrimcə, gərginlik yaradan səbəb və vasitələrdən bacardığımız qədər uzaq olub həyatımızın bir hissəsinə çevrilən sosial şəbəkələrdən bizə faydalı olacaq və xoş hisslər yaşadacaq şəkildə istifadə etməyə çalışmalıyıq. Mənim üçün bu, maarifləndirici məlumatlar və dünyadakı gözəllikləri paylaşan səhifə və kanalları izləməkdir.
Türkan: Psixologiyaya olan marağın nədən irəli gəlir? Daha çox özünü tanımaq, yoxsa başqalarını?
Nilufər: Qeyd etdiyim kimi, psixologiyaya maraq insanları “öyrənmək” istəyimdən irəli gəlir. Buna özümü “öyrənməyi”, kəşf etməyi də aid edirəm. Özünü yaxşı tanıyan, zövqlərini, maraqlarını, potensialını, üstünlük və çatışmazlıqlarını bilən insan həm daha xoşbəxt ömür yaşaya, həm də digər insanlarla yaxşı münasibət qura bilər.
Türkan: Bildiyim qədər, dünyada sadəcə 4-5% insan psixoloji olaraq sağlam hesab olunur. Yəni başqa sözlə desək, hamımızın psixoloji problemləri var. Mənə maraqlıdır ki, sən psixoloji və emosional yetkinliyə çatmaq üçün nələr edirsən? Bunun yolları varmı? Və ən önəmlisi, bu yetkinliyə çatmaq yolunda hansı çətinliklərlə üzləşirsən?
Nilufər: Oxuyuram, dinləyirəm, müşahidə və təhlil edirəm. Bu sahədə təhsil almasam və fəaliyyət göstərməsəm də, psixologiya həyatımın böyük hissəsini əhatə edir. Psixologiyanı ona görə xoşlayıram ki, insanın bütün həyatına təsir edir. Dərindən öyrəndikcə başa düşürsən ki, bütün hisslərin, düşüncələrin, seçimlərin, hərəkətlərin kökündə insan beyni durur və hər hansı nəticəni dəyişmək istəyirsənsə, onun insan şüurundakı səbəbini tapıb dəyişməyə çalışmalısan. Çətinliyim bəzən real həyatdan uzaqlaşıb düşüncələrə qapılmaqdır. Müşahidə və təhlil etməyi o qədər xoşlayıram ki, çox vaxt özümü düşüncə və xəyallar aləmində tapıram 🙂
Türkan: Səni tanıdığım ilk günlərdən musiqiyə olan marağını da görmüşəm. Hətta bu maraq sadəcə maraq olaraq qalmayıb, kamança ifa etməyə qədər gedib çıxıb. Bunun səbəbi az-çox mənə məlumdur, amma istəyirəm, fürsət yaranmışkən bu barədə daha ətraflı danışasan. Musiqiyə olan sevgindən danış bizə.
Nilufər: Anam musiqişünas olduğu üçün musiqi mənim genetik kodumda var desəm, yəqin ki, yanılmaram. Uşaqlıqdan musiqi ilə maraqlanmışam və güclü musiqi duyumum olub. Musiqi duyumu sayəsində istədiyim musiqini pianoda tək əllə çala bilirdim. Təəssüf ki, müəyyən səbəblərdən piano çalmağı öyrənməmişəm, amma əminəm ki, bir gün mütləq öyrənəcəyəm.
Kamançaya olan marağım 2019-cu ildə yəhudi kamança ifaçısı Mark Eliyahunun “Drops” adlı kompozisiyasını eşitdikdən sonra yarandı. Musiqi mənə dərindən təsir etdi və dərhal musiqiçi barədə məlumat axtarmağa başladım. Sən demə, Mark Eliyahu da Yunanıstanda bağlama öyrənərkən müəlliminin evində Habil Əliyevin ifasında “Bayatı-Şiraz” təsnifini eşitmiş və bu ifadan o qədər təsirlənmişdir ki, bu səsin hansı alətə aid olduğunu soruşmuş və valideynlərinə dərhal bu aləti öyrənmək istədiyini demişdir. Daha sonra Bakıya köçərək Ədalət Vəzirovdan kamança dərsləri almışdır.
Bu məlumatı oxuduqdan sonra məndə daha böyük maraq oyandı və Markın digər kompozisiyalarını da dinləməyə başladım. Artıq başqa musiqi dinləyə bilmirdim, o qədər təsirində idim ki, daxilimdə o musiqiləri çalmaq istəyi yaranmışdı. Beləliklə, kamançanı öyrənməyə başladım. Müəllimim, Prezident təqaüdçüsü Mədinə Şahgəldiyevanın sayəsində bu çətin alətdə ifa etməyi öyrəndim.
Türkan: Kamança ifa edərkən keçirdiyin hisslər və şəkil çəkərkən keçirdiyin hisslər eynidir, yoxsa fərqli?
Nilufər: Maraqlı sualdır. Bu barədə düşünməmişdim. Oxşar və fərqli tərəfləri var. Oxşar tərəf odur ki, həm kamança çalarkən, həm şəkil çəkərkən sevdiyim işlə məşğul oluram, özümü tapıram, zövq alıram, fərqli tərəf isə odur ki, musiqi alətində ifa etmək kifayət qədər çətin, məsuliyyətli və zəhmət tələb edən fəaliyyətdir. Təbii ki, fotoqrafiyanın da özünəməxsus çətinlikləri var, heç də bütün şəkillər sadəcə kameranın bir düyməsini basmaqla çəkilmir. Bəzən müəyyən kadrı əldə etmək üçün hündürlüyə qalxmalı, bəzən saatlarla gözləməli, hətta müəyyən təhlükələri də nəzərə almalı olursan (Lerikdəki Qələbin şəlalələrini çəkə bilmək üçün yaşadığım təhlükələri təsəvvür edə bilməzsiniz 😁.
Türkan: Səninlə söhbət etmək hər zaman xoşdur. Yaxşı ki, bu dünyada sənin kimi insanlar var. Bəzən gündəlik səs-küydən ayrılıb kiminləsə dərin söhbət etmək ehtiyacı duyursan. Bu hissi mən hər zaman səndə tapıram. Sonda yenə söz sənindir.
Nilufər: Çox sağ ol, Türkan, bu sözlərin o qədər dəyərli və xoşdur ki! Müsahibə təklifi və hərtərəfli, incəliklə düşünülmüş və xüsusi hazırlanmış suallar üçün minnətdaram. Bilirsən ki, müsahibə barədə danışanda ilk reaksiyam tərəddüd oldu, çünki düşünürəm ki, hələ bu sahədə çox yol qət etməliyəm, amma sənin bu layihəyə nə qədər dəyər verdiyini və layihə üçün necə həvəslə çalışdığını bildiyimə görə layihədə mənim də kiçik payımın olmasını istədim.
Öz növbəmdə, düşünürəm ki, yaxşı ki bu dünyada sənin kimi yaradıcı, həyatsevər, maraqlı, mehriban və gülərüz insanlar var.
Sonda sənə, Nəzifəyə və “Art Magazine Project” layihəsinə bol uğur arzu edirəm!
Türkan: Sonda səndən daha bir ifa dinləyək!)